Əhməd Davudoğlu: “İranla Suriya mövzusunda razılığa gəlmək mümkündür”

Əhməd Davudoğlu: “İranla Suriya mövzusunda razılığa gəlmək mümkündür”
# 02 noyabr 2013 14:21 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İstanbulda İran və Türkiyə xarici işlər nazirləri arasında keçirilmiş görüşün detalları açıqlanıb.

APA-nın İran mətbuatına istinadən görə, görüşdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi başda olmaqla İranın dincməqsədli nüvə proqramı, Suriya böhranı, İraqdakı terror aktları, Əfqanıstandakı vəziyyət, İran-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlığı məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdən sonra hər iki nazir birgə mətbuat konfransı keçirib. Məhəmməd Cavad Zərif bildirib ki, hər iki ölkə ortaq mənafe və qarşılıqlı ehtiyaclar birləşdirir: “Sanksiyalar İran və Türkiyə iqtisadi əlaqələrinə də təsir göstərir. Ancaq İran-Türkiyə əlaqələri xarici ölkələrin müdaxilələrindən təsirlənməməlidir. Hər iki ölkənin əməkdaşlığı beynəlxalq qanunlar və prosedurlar çərçivəsində davam edir. Ona görə də sanksiyaları bəhanə edərək Tehran-Ankara əlaqələrinə xələl gətirmək qeyri-qanunidir”.

Onun sözlərinə görə, sanksiyalar heç bir işə yaramır, yalnız İran xalqının əzmkarlığını artırmağa xidmət edir: “Hər iki tərəf də sanksiyalarla bağlı mülki vətəndaşlara qarşı təzyiqlərin artmasını qarşıya məqsəd qoymaq əvəzinə, çıxış yolunun tapılmasına səy göstərməlidir. Biz İrana qarşı sanksiyalar tətbiq edilməsinə səbəb olmuş bütün bəhanələri müzakirələr yolu ilə aradan qaldırmağa çalışırıq”.

M.C.Zərif həmçinin deyib ki, İranla Qərb ölkələri arasındakı nüvə müzakirələrində irəliləyişin əldə olunması hər iki tərəfin yeni davranışlarına bağlıdır: “İranın nüvə məsələsi ilə bağlı uzun müddət faydasız müzakirələr aparılıb və bu danışıqların nəticələri tərəflərdən heç birinin istəyincə deyil”.

Ə.Davudoğlu isə bildirib ki, İranla Suriya mövzusunda razılığa gəlmək mümkündür: “Hər iki ölkə də Suriyada getdikcə məzhəb qarşıdurmalarına çevrilən qarşıdurmalardan narahatdırlar. Ona görə də məqsədləri məzhəb qarşıdurmalarını yaymaq olan bu cür ssenarilərə qarşı mübarizə aparmaq üçün birgə çalışacağımıza əminik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR