Azərbaycanda uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi qaydası müəyyənləşib

Azərbaycanda uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi qaydası müəyyənləşib
# 01 may 2014 08:18 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi qaydasını təsdiqləyib.

APA-nın verdiyi məlumata görə, bu Qayda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sosial təhlükəli vəziyyətdə olan, sağlamlıq imkanları məhdud və cəzaçəkmə müəssisələrində olan uşaqların icbari dispanserizasiyasını da əhatə edir.

Uşaqların icbari dispanserizasiyası onların yaşı və sağlamlıq vəziyyəti nəzərə alınaraq həyata keçirilir. Uşaqların icbari dispanserizasiyası Səhiyyə Nazirliyinin tabeliyində olan ambulator-poliklinika yardımı göstərən müalicə-profilaktika müəssisələri tərəfindən dispanserizasiyadan keçiriləcək uşaqlara göstərilməli olan tibbi yardımın həcmi və keyfiyyət standartlarına uyğun olaraq tərtib edilmiş müayinə cədvəlinə və sahə prinsipinə əsasən həyata keçirilir. İcbari dispanserizasiyadan keçiriləcək uşaqların həkimin çağırışı ilə tibb müəssisəsinə gətirilməsinə və dispanserizasiya ilə əlaqədar tibb işçilərinin göstərişlərinin yerinə yetirilməsinə görə məsuliyyəti onların valideynləri və digər qanuni nümayəndələri daşıyırlar. Tibbi-profilaktik müayinələrin nəticələri “Uşağın inkişaf tarixi”ndə (AZS 112/u) qeyd edilir və “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi”nə (VESKS) daxil edilir. Hər ilin sonunda tibb müəssisəsi tərəfindən uşaqların icbari dispanserizasiyası işi təhlil olunaraq rəsmi statistik hesabat hazırlanır və tabeliyi üzrə müvafiq səhiyyə idarə və ya müəssisəsinə təqdim edilir.

Xəstə və xəstələnmə riski olan uşaqlar dispanser müşahidəsinə götürülür və onlara “Uşağın Dispanser Müşahidə Kartı” (AZS 030/u) açılır. Hər bir xəstə və xəstələnmə riski olan uşağa dispanserizasiya planı tərtib edilir. Dispanserizasiya planında mütəxəssislərin baxışlarının və müayinələrin dövriliyi, həmçinin aparılacaq müalicə-sağlamlaşdırıcı tədbirlər əks olunur. Təhsil alan uşaqların dispanserizasiyası məqsədi ilə ambulator-poliklinika yardımı göstərən müalicə-profilaktika müəssisəsi tərəfindən onların tibbi-profilaktik müayinə cədvəli tərtib olunur və müayinələrin keçiriləcəyi təhsil müəssisəsinin rəhbərliyi ilə razılaşdırılır. Təhsil alan uşaqların tibbi-profilaktik müayinələri təhsil aldıqları yerlərdə həyata keçirilir. Təhsil müəssisəsində həyata keçirilməsi mümkün olmayan tibbi-profilaktik müayinələr ərazi üzrə səhiyyə müəssisələrində aparılır. Cəzaçəkmə müəssisələrində olan uşaqların icbari dispanserizasiyası Ədliyyə Nazirliyinin tibb xidməti tərəfindən həyata keçirilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar onlar üçün müəssisələrdə, yəni onların saxlanıldığı, təhsil və (və ya) tərbiyə aldığı təhsil müəssisələrində, ailə tipli uşaq evlərində, əhalinin sosial müdafiəsi müəssisələrində (uşaq evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internatlar, sosial-reabilitasiya yardım mərkəzləri, sosial sığınacaqlar), səhiyyə sistemi müəssisələrində və qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan digər dövlət və qeyri-dövlət müəssisələrində yerləşdirildiyi halda onların icbari dispanserizasiyası məqsədi ilə aparılan tibbi müayinələr bu müəssisələrdə həyata keçirilir.

Sosial təhlükəli vəziyyətdə olan uşaqların icbari dispanserizasiyası məqsədi ilə aparılan tibbi-profilaktik müayinələr “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanunda nəzərdə tutulmuş yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sisteminə daxil olan orqan və müəssisələrdə təşkil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR