Müşfiqabad Mədəniyyət Evinin açılış mərasimi keçirilib

Müşfiqabad Mədəniyyət Evinin açılış mərasimi keçirilib
# 26 may 2014 16:56 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Müşfiqabad qəsəbə Mədəniyyət Evinin təmirdən sonra açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, millət vəkili Ağalar Vəliyev və başqaları iştirak edib.

Ə. Qarayev bildirib ki, Mədəniyyət Evi 1987-ci ildə inşa olunub: “Binanın yenidən qurulması işində əziyyət çəkən hər kəsə təşəkkürümü bildirirəm. İnanıram ki, Müşfiqabad sakinləri bu Mədəniyyət Evində səmərəli vaxt keçirəcəklər. Mədəniyyət Evində dərnəklər, kitabxana, kompüter mərkəzi fəaliyyət göstərəcək. Bu binanın qapısı bütün qəsəbə sakinlərinin üzünə açıqdır”.

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, Mədəniyyət Evinin təmirsiz olması sakinlərdə narazılıq yaratmışdı: “Qəsəbə sakinləri şikayət edirdilər ki, mədəniyyət evi yoxdur, istirahət etmək üçün imkanlar məhduddur. Bu gün bu problem həll olundu”.

Tədbirdə Mədəniyyət Evinin özfəaliyyət kollektivi konsert proqramı ilə çıxış edib.

Qeyd edək ki, Müşfiqabad qəsəbə Mədəniyyət Evi 1987-ci ildə xüsusi layihə kimi inşa olunub. Təmir-bərpa işləri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilib.

Ümumi sahəsi 2850 kv. m olan binanın birinci mərtəbəsində 224 nəfərlik tamaşa zalı, işıqlandırma və idarəetmə sistemi, yaradıcılıq üçün ayrılmış müxtəlif otaqlar mövcuddur. Binanın ikinci mərtəbəsində isə 110 nəfərlik konfrans zalı və texniki avadanlıqlar, internet şəbəkəsi üçün ayrılmış bir sıra başqa otaqlar yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR