İran və Rusiya hava hücumundan müdafiə və radiolokasiya sahəsində əməkdaşlığı genişləndirir

İran və Rusiya hava hücumundan müdafiə və radiolokasiya sahəsində əməkdaşlığı genişləndirir
# 21 oktyabr 2013 07:47 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda səfərdə olan Rusiya Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Viktor Nikolayeviç Bondarev İran Silahlı Qüvvələrinin “Xatəmül-Ənbiya” Hava Hücumundan Müdafiə Qərargahının komandanı general-leytenant Fərzad İsmaili ilə görüşüb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, oktyabrın 20-də Tehranda baş tutan görüşdə hərbi hava hücumundan müdafiə sistemləri, radarlar, bəzi hərbi və elmi mövzular barədə fikir mübadiləsi aparılıb.

Görüşdə tərəflər hava hücumundan müdafiə və radiolokasiya sahəsində əməkdaşlığı genişləndirmək, həmçinin iki ölkənin müdafiə doktrinasını bir-birinə yaxınlaşdırmaqla regionda sabitliyi gücləndirmək qənaətinə gəliblər.

Eyni zamanda görüşdə İranla Rusiya arasında birgə hərbi manevrin keçirilməsi məsələsi də əsas müzakirə mövzularından olub. Bununla bağlı tərəflər arasında razılıq əldə olunsa da, ancaq belə bir hərbi təlimin keçirilməsinin iki ölkənin yüksək rütbəli rəsmilərinin təsdiqləməsi ilə reallaşa biləcəyi vurğulanıb.

Qeyd edək ki, V.Bondarev İran Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Həsən Şahsəfinin dəvət əsasında Tehranda səfərdədir. Rusiya Hərbi Hava Qüvvələrinin komandanının səfər çərçivəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanı Əmir Əli Hacızadə ilə də görüşəcəyi, həmçinin Tehran şəhərindəki Mehrabad aviasiya zonasını, Şəhid Səttari hərbi bazasını və İsfahan şəhərindəki Şəhid Babai hərbi bazasına da baxış keçirəcəyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR