Türkiyənin 26-cı Tehran Beynəlxalq Kitab Sərgisindəki stendindən bəzi kitabların yığışdırılması barədə göstəriş verilib

Türkiyənin 26-cı Tehran Beynəlxalq Kitab Sərgisindəki stendindən bəzi kitabların yığışdırılması barədə göstəriş verilib
# 04 may 2013 03:20 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Mayın 1-də İranın paytaxtı Tehran şəhərində 26-cı Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb. APA-nın məlumatına görə, mayın 10-dək davam edəcək tədbirdə 1600 mətbəə tərəfindən 2010-2013-cü illər arasında çap olunmuş 220 min kitab nümayiş etdirilir. Sərgidə Azərbaycan Respublikası ilə yanaşı, Türkiyə, Almaniya, Çin, Yaponiya, Oman, Cənubi Koreya, Venesuela, Rusiya, Meksika, Küveyt, Qazaxıstan, Belçika, Türkmənistan, ABŞ, Kanada, Əfqanıstan, İspaniya, Polşa və Hindistan iştirak edir. Ancaq sərgidə İranda Azərbaycan türkcəsində kitab çap edən mətbəələrin iştirakına və öz stendlərini açmasına icazə verilməyib. Belə ki, “Ənidişe-ye No” və “Təkderəxt” (Tehran), “Əxtər”, “Neda-ye Şəms” və “Haşemi” (Təbriz) və “Yaz” (Urmiya) nəşriyyatlarına tədbirdə öz kitablarını nümayiş etdirməyə və satmağa müvafiq orqanlar tərəfindən lisenziya verilməyib və onlara bununla bağlı heç bir açıqlama verilməyib.

Türkiyə mətbuatı isə İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Hüseyninin ölkədə baxılması qadağan edilmiş, ancaq peyk telekanalları vasitəsilə yayımlanan serialların qaynağı olan romanların da 26-cı Tehran Beynəlxalq Kitab Sərgisindən yığışdırılması barədə göstəriş verdiyini yazıb. İranlı nazir jurnalistlərə açıqlamasında məsələni bu cür şərh edib: “Sərgidə yer alacaq kitablar üçün nəzarət komitəmiz var. Çapına icazə verilməmiş kitablar üçün qanuni addım atılacaq, ancaq icazəsi olanlarla bağlı heç bir problem yoxdur. Ona görə də səlahiyyətli şəxslərə bəzi əsərlərlə bağlı araşdırma aparmaları barədə xəbərdarlıq etdim”.

26-cı Tehran Beynəlxaq Kitab Sərgisinin Nəzarət Komitəsinin müdiri Məcid Həmidzadə isə həmin kitabların sərgidə satılması üçün heç bir problemin olmadığını söyləyib: ““Aşk-ı məmnu”, “Harem” və bunlar kimi serialların mənbə olaraq istifadə etdikləri kitablarla bağlı lazımi araşdırmalar aparılıb və onların çapına icazə verilib. Ona görə də həmin kitabların sərgidə nümayiş etdirilməsinin heç bir qorxusu yoxdur. Telekanallarda yayımlanan seriallarda kitabların içərisində olmayan bir çox şeyə rast gələ bilərsiniz. Bu səbəbdən bizi seriallardakılar deyil, əsərin özü maraqlandırır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR