Azərbaycanda beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi qaydaları müəyyənləşib

Azərbaycanda beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi qaydaları müəyyənləşib
# 18 mart 2013 07:06 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları»nın və «Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqqın məbləği»ni təsdiqləyib.

«APA-Economics»in məlumatına görə, Qaydalar «Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında» qanuna uyğun olaraq hazırlanıb və Azərbaycan ərazisində buraxılan kitablara, not yazılarına, dövri nəşrlərə, audiovizual əsərlərə və audio-videoyazılara müvafiq olaraq ISBN, ISMN, ISSN, ISAN, ISRC beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi proseduralarını müəyyən edir.

ISBN (International Standard Book Number) - kitabın beynəlxalq standart eyniliyini müəyyən edən nömrə; ISMN (International Standard Music Number) - not nəşrlərinin və musiqi əsərlərinin yazıldığı audio-video nəşrlərin beynəlxalq standart eyniliyini müəyyən edən nömrə; ISSN (International Standard Serial Number) - dövri nəşrlər üçün nəzərdə tutulan beynəlxalq standart nömrə; ISAN (International Standard Audiovisual Number) - audiovizual əsərlərin beynəlxalq standart eyniliyini müəyyən edən nömrə; ISRC (International Standard Recording Code) - audio-videoyazıların beynəlxalq standart eyniliyini müəyyən edən nömrədir.

Qaydalara əsasən, Azərbaycanda beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi ISBN, ISMN, ISSN, ISAN, ISRC üzrə beynəlxalq agentliklərlə razılaşdırılmaqla Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən təşkil edilir. Adı çəkilən beynəlxalq standart eyniləşdirmə nömrələri isə beynəlxalq agentliklərin Azərbaycan üzrə milli mərkəzləri vasitəsilə verilir. Qaydalara görə, Azərbaycan ərazisində bütün növ daşıyıcılarda olan kitablarda, not nəşrlərində və audio-videoyazılarda müvafiq beynəlxalq eyniləşdirmə nömrələrinin (ISBN, ISMN, ISRC) istifadəsi məcburidir. Dövri nəşrlərdə və audiovizual əsərlərdə isə beynəlxalq eyniləşdirmə nömrələrinin (ISSN, ISAN) istifadəsi könüllüdür.

Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi üzrə milli mərkəzlər beynəlxalq eyniləşdirmə nömrələrinin reyestrini aparır, istifadəçilər haqqında məlumat bazası yaradır, onlara eyniləşdirmə nömrələrinin verilməsi barədə məlumat kitabçalarını nəşr edir, hüquqi və fiziki şəxslərin, həmçinin dövlət orqanlarının sorğuları əsasında məlumat bazalarından çıxarışlar verir. Beynəlxalq eyniləşdirmə nömrələrinin verilməsi barədə milli mərkəzlər və istifadəçilər arasında yazılı müqavilə bağlanılır və buna görə, Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə haqq ödənilir.

Beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsinə görə haqqın məbləği ISBN üçün 15 manat, ISMN üçün 10 manat, ISSN üçün 5 manat, ISAN üçün 10 manat, ISRC üçün 15 manat müəyyən edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR