Azərbaycan və Almaniya arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

 Azərbaycan və Almaniya arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair memorandum imzalanıb
# 04 mart 2013 11:51 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi və Almaniya Federal Maliyyə Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb edilməsi, daşınmaz əmlakın dövlət reyestrinin və vahid kadastrının aparılması sahələrində beynəlxalq təcrübənin öyrənilməsi məqsədi ilə müxtəlif ölkələrin müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir: «Digər Avropa ölkələri ilə yanaşı, Almaniyanın özəlləşdirmə və dövlət əmlakının idarə edilməsi sahəsində əldə etdiyi zəngin təcrübə ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulması üçün əhəmiyyət daşıyır. Bu baxımdan, Berlində Komitə və Almaniya Federal Maliyyə Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfindən Komitənin sədri Kərəm Həsənov, Almaniya tərəfindən isə sözügedən nazirliyin Federal Əmlakın İdarə Olunması və Özəlləşdirilməsi Qurumunun baş direktoru Bruno Kahl imzalayıblar».

Anlaşma memorandumunda dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi ilə bağlı qanunvericilik sahəsində qarşılıqlı yardım, təcrübə və məlumat mübadiləsi, qarşılıqlı səfərlərin təşkili, məsləhət xidmətlərinin göstərilməsi, investorların özəlləşdirmə prosesinə cəlb edilməsi və tərəflər üçün qarşılıqlı maraq kəsb edən digər məsələlər əməkdaşlıq istiqamətləri kimi müəyyən edilib.

İmzalanma mərasimindən sonra anlaşma memorandumu ilə nəzərdə tutulan əməkdaşlıq əlaqələrinin həyata keçirilməsinə dair müzakirələr aparılıb. Danışıqlar zamanı K.Həsənov Azərbaycanın son illər ərzində əldə etdiyi nailiyyətlərdən, həyata keçirilən iqtisadi islahatlardan söhbət açıb, dünyada gedən qlobal iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatının yüksək templərlə inkişafı barədə məlumat verib. Eyni zamanda, Komitə sədri regionların inkişafı, işsizliyin aradan qaldırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində böyük nailiyyətlər qazanıldığını vurğulayıb və qeyd edib ki, ölkənin hazırkı inkişaf mərhələsində həyata keçirilən özəlləşdirmə prosesi iqtisadi yüksəlişdə bir vasitə rolunu oynayır: «1995-ci ildən başlamış və indiyədək davam edən özəlləşdirmə prosesi nəticəsində Azərbaycanda kimya, maşınqayırma, tikinti, nəqliyyat, rabitə, ticarət, xidmət, eləcə də bank sektoruna və bir sıra digər sahələrə aid müəssisələr özəlləşdirilib. Bu illər ərzində 45 mindən çox kiçik müəssisə və obyekt xüsusi mülkiyyətə verilib, 1 600-dən artıq orta və iri müəssisə səhmdar cəmiyyətinə çevrilib. Yalnız investisiya müsabiqələri yolu ilə özəlləşdirilmiş müəssisələrə investorlar tərəfindən 982 mln. ABŞ dolları məbləğində investisiya yatırılıb. Dövlət əmlakının özəlləşdirilməsi prosesində 530 min nəfərdən çox insanı əhatə edən mülkiyyətçilər təbəqəsi formalaşıb. Ümumilikdə götürdükdə, 1,5 mln-dan artıq vətəndaş özəlləşdirmədən bu və ya digər formada bəhrələnib».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR