Ramin Mehmanpərəst: “İran Azərbaycanda xalqın seçdiyi hökuməti dəstəkləyəcək”

Ramin Mehmanpərəst: “İran Azərbaycanda xalqın seçdiyi hökuməti dəstəkləyəcək”
# 24 aprel 2013 01:29 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst aprelin 23-də Tehranda keçirdiyi həftəlik mətbuat konfransında Azərbaycan Respublikasında bu ilin oktyabrında keçiriləcək prezident seçkilərindən və İran-Azərbaycan münasibətlərindən danışıb. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, R. Mehmanpərəst bildirib ki, İran Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində xalqın seçdiyi hökuməti dəstəkləyəcək: “Prezident seçkiləri digər ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da dövlət idarəçiliyində xalqın rolu və idarəsinin göstəricisi ola bilər. Biz ümid edirik ki, Azərbaycan xalqı da seçkidə çox fəal iştirak edəcək. Biz isə xalqın seçdiyi hökuməti və iki ölkə əlaqələrinin inkişafı istiqamətində addımlayanları müsbət qarşılayacağıq. Biz bütün qonşu ölkələrimizlə ən yaxşı əlaqələr qurmağın tərəfdarıyıq”.

İran XİN sözçüsü həmçinin deyib ki, tarix, mədəniyyət və inancları bir olan iki qonşu ölkənin rəsmilərinin qarşılıqlı səfərləri normal bir məsələdir: “Belə gediş-gəlişlər olmalıdır və yəqin ki, qarşılıqlı əlaqələrdə təsirli nəticələrə gətirib çıxaracaq. İran və Azərbaycan Respublikasının müxtəlif səviyyələrdə bir çox ortaqlıqları və yaxşı münasibətləri mövcuddur. Bu əlaqələrin istiqamətlərini dəyərləndirmək üçün münasibətlər bütün sahələrdə genişləndirilməlidir. İki ölkə rəsmilərinin səfərləri isə buna çox yaxşı zəmin yaradır”.

Eyni zamanda R. Mehmanpərəst son günlərdə Azərbaycan Respublikasında İran əleyinə keçirilmiş tədbirlərə də toxunub: “Azərbaycanın Xarici İşlər Nazirliyinin və digər dövlət rəsmilərinin Azərbaycanın daxilindəki İran əleyhinə addımlar barəsində öz mövqelərini bildirdikləri və onu iki ölkə əlaqələrinə zərbə vurmaq üçün bəzi şəxs və bəzi siyasi cərəyanların məkrli planı adlandırdıqları kimi, biz də belə hərəkətləri məkrli plan sayırıq. Bu məkrli planların qarşısı iki ölkə rəsmilərinin əməkdaşlığı və iştirakı ilə alınmalıdır. Gərək bu cür təxribatlara yol verməyək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR