Dövlət Komitəsi: “Ölkələrarası övladlığa götürmə ilə bağlı yanlış məlumatlar yayırlar”

Dövlət Komitəsi: “Ölkələrarası övladlığa götürmə ilə bağlı yanlış məlumatlar yayırlar”
# 13 noyabr 2012 12:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ölkələrarası övladlığa götürmə ilə bağlı son zamanlar səsləndirilən fikirlərə münasibət bildirib. Bu barədə APA-ya açıqlama verən AQUPDK-nin Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Vəsilə Mövsümova bildirib ki, bu günlərdə bir çox mətbuat orqanları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ölkələrarası övladlığa götürmə ilə bağlı yanlış informasiyalar ötürməklə cəmiyyətdə çaşqınlıq yaratmaq istəyirlər: “Ancaq onların söylədikləri fikirlər həqiqətdən tamamilə uzaqdır”.

V.Mövsümova qeyd edib ki, bu yaxınlarda QHT rəhbərindən biri ölkələrarası övladlığa götürmə barədə danışaraq uşaqların sonrakı taleyinin məlum olmaması ilə bağlı fikirlər səsləndirilib: “Bunlar hansı əsasla deyilir? Qeyd edim ki, Azərbaycanda məhkəmə qətnaməsi qəbul olunandan sonra uşaq övladlığa verilir. Bu qətnaməyə əsasən də 3 ildən bir ildə iki dəfə olmaqla 6 aydan bir uşaqlar haqqında ən azı 15 dəqiqəlik video görüntü, fotoşəkillər, bu işə məsul olan qurumun hesabatları komitəyə mütəmadi olaraq təqdim olunur. Bu məsələdə uşaqlarla bağlı işgəncə faktoru, donor orqanlarından istifadə və digər məsələlərin hamısı ajiotaj yaradan məlumatlardır. Ölkələrarası övladlığa götürmə ilə bağlı Mülki Prosessual Məcəllədə sənədlərin siyahısı göstərilir. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bütün sənədlər leqallaşdırılır. Bütün sənədlər toplanandan sonra uyğun gələrsə, ailə qeydiyyata alınır. Sənədlərin şəffaf olmaması ilə bağlı səsləndirilən fikirlər düzgün deyil”.

Komitə rəsmisi onu da qeyd edib ki, bəzi şəxslər komitəyə daxil olan müəyyən məlumatlar haqqında informasiya verilməməsindən şikayətlənirlər: “Ailə Məcəlləsində birbaşa göstərilir ki, övladlığa götürülənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının razılığı olmadan övladlığa götürülmə haqqında hər hansı bir məlumat vermək, habelə vətəndaşlıq aktlarının qeydiyyat kitabından çıxarışlar etmək qadağan edilir. Yəni, övladlığa götürmənin gizli saxlanılması qanunvericiliyin tələbidir. Bir çox QHT rəhbərləri istəyir ki, biz övladlığa verilən uşaqları adı, familiyası, harada yaşaması barədə məlumat verək. O zaman biz həmin uşaqların və ailələrin hüquqlarını pozmuş olarıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR