«Fitch Ratings» agentliyi ARDNŞ-in yeni istiqraz emissiyasına «BBB-» reytinqi verib

«Fitch Ratings» agentliyi ARDNŞ-in yeni istiqraz emissiyasına «BBB-» reytinqi verib
# 04 mart 2013 08:58 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Agentliyin məlumatında deyilir.

Məlumata əsasən, yekun reytinq buraxılış üzrə son sənədlər alındıqdan və buraxılışın həcmi, faiz dərəcəsi və tədavül müddəti üzrə məlumatlar əldə edildikdən sonra veriləcək. İstiqrazların yerləşdirilməsindən əldə edilən vəsaitləri şirkətin kapital qoyuluşlarına və digər ümumi koprorativ məqsədlərə yönəldiləcəyi gözlənilir.

Verilən reytinq dövlət tərəfindən dəstəyi nəzərə alır və Azərbaycanın suveren reytinqi ilə eyni səviyyədədir. ARDNŞ tam şəkildə dövlətə məxsusdur və neft-qaz sahəsində dövləti təmsil edir. Şirkət dövlətdən kapitala əlavə daxilolmalar alır ki, bunlar 2011-ci ildə 190 mln. manat, 2012-ci ildə isə 200 mln. manat təşkil edib, halbuki 2012-ci il üçün nəzərdə tutulan bu daxilolma hələ həyata keçirilməyib.

Agentlik mütəxəssislərinin fikrincə, ARDNŞ 263 min barel neft ekvivalenti həcmində sutkalıq hasilat göstəricisi məhdud miqyasa malikdir, lakin əsas PSA müqavilələri çərçivəsində hasilatın artması hesabına şirkət üzrə ümumi hasilatın artımı gözlənilir. Bundan əlavə, şirkətin qaz hasilatının artacağı proqnozlaşdırılır.

Verilən reytinq ARDNŞ-in 2012-2015-ci illər üçün və həcmi 5,3 mlrd. dollar olan investisiya proqramını da nəzərə alır.

Reytinqin gələcəkdə dəyişmə ehtimalına gəlincə bildirilir ki, dövlət dəstəyinin azalması, kredit qabiliyyətinin enməsinə səbəb ola biləcək yeni aktivlərin alınması kimi amillər reytinqin aşağı salınmasına səbəb ola bilər.

Agentlik bildirir ki, 2012-ci il iyunun 30-na ARDNŞ-in pul vəsaitlərinin həcmi 1,006 mlrd. manata bərabər olub və bu, həmin tarixə 656 mln. manat həcmində olan qısamüddətli ödəmələri nəzərdə tutan borcların ödənilməsi üçün yetərli olub. Qeyd olunur ki, ADRNŞ-in pul vəsaitlərinin əsas hissəsi dövlətə məxsus olan Azərbaycan Beynəlxalq Bankında yerləşdirilib. Həmçinin bildirilir ki, 2013-cü ildə ARDNŞ 727 mln. dollar həcmində borc ödəməlidir və ya bu məbləği təkrar maliyyələşməlidir. Bundan sonra isə 2017-ci ilə qədər istiqrazlar üzrə illik ödənişlərin həcmi 400 mln. dollardan artıq olmayacaq. Bunları nəzərə almaqla ARDNŞ-in likvidlik və ödəmə qabiliyyəti yüksək qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR