AXCP-nin sabiq funksioneri: “Əli Kərimli yerini gənclərə verməlidir”

AXCP-nin sabiq funksioneri: “Əli Kərimli yerini gənclərə verməlidir”
# 05 iyun 2015 13:07 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Düşünürəm ki, hazırkı AXCP rəhbərliyi dəyişməli, gəncləşməlidir. Biz istəyirik ki, AXCP demokratik təşkilat olsun. 15-20 il bir partiyanın rəhbəri qalmaq olmaz. Buna görə də Əli Kərimli etiraf etməlidir ki, bacarmır və yerini gənclərə verməlidir. Hakimiyyətə gənclərlə bağlı mesajlar göndərməkdənsə, öz partiyasında olanlara baxmalıdır. Əli Kərimli özü gəncləri əzir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon təşkilatı sədrinin sabiq müavini Dəyanət Babayev deyib. O, partiyadan çıxarılması ilə bağlı qərarın qanunsuz olduğunu bildirib: “Mənim partiyadan çıxarılmağımla bağlı qərar Nizamnaməyə uyğun olmayan, özbaşına verilən qərardır. Partiya sədri Əli Kərimliyə, AXCP-nin müvafiq strukturlarına şikayət məktubu hazırlamışam. AXCP Ədliyyə Nazirliyindən partiya kimi qeydiyyatdan keçib. Hər hansı zavod ya şirkət kimi qeydiyyatdan keçməyib ki, istədikləri adamı çıxarsınlar. Ona görə də mən Ədliyyə Nazirliyinə müraciət edəcəyəm ki, mənim və digər şəxslərin çıxarılması ilə bağlı partiyada yoxlanış aparsın”.

D. Babayev partiyadan kənarlaşdırılmasında AXCP rəhbərliyini və sədr Əli Kərimlini ittiham edib: “Mənə qarşı 7-8 aydır ki, kampaniya aparırdılar. May ayının 24-də Ağaşirin Tanrıverdioğlunun partiyadan çıxarılmasına kəskin etiraz etdim və sosial şəbəkədə partiya rəhbərliyinin qərarlarına qarşı çıxdım. Əminəm ki, çıxarılmağımla bağlı göstəriş AXCP rəhbərliyindən, Əli Kərimlidən gəlib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR