Brüsseldə tanınmış fransız bəstəkarı Roman Zantenin “In Memory of Khodjaly Victims” əsərinin dünya premyerası keçirilib

Brüsseldə tanınmış fransız bəstəkarı Roman Zantenin “In Memory of Khodjaly Victims” əsərinin dünya premyerası keçirilib
# 26 fevral 2015 09:45 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi və Belçikanın “Klam” Təşkilatının təşkilatçılığı ilə Brüssel Kral Konservatoriyasında məşhur fransız bəstəkarı Roman Zantenin “In Memory of Khodjaly Victims” əsərinin Amenti Kvartetinin müşayiəti altında dünya premyerası keçirilib.

Şuradan APA-ya verilən məlumata görə, premyerada Belçika Senatının üzvləri, Brüsseldə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Avropa Birliyi qurumlarını təmsil edən yüksək rütbəli şəxslər, mədəniyyət və incəsənət xadimləri və QHT təmsilçiləri nümayəndələri də daxil olmaqla 600-dən çox belçikalı iştirak edib. İştirakçılara tədbirdən əvvəl Xocalı soyqırımı haqqında məlumatları və əsəri özündə əks etdirən CD-lər paylanılıb.

Hazırda ABŞ-ın Kaliforniya ştatında yaşayan, məşhur fransız bəstəkarı Roman Zante tədbiri çıxış nitqi ilə açaraq müəllifi olduğu musiqi əsərinin məqsədini belə izah edib: “Bu əsər 23 il əvvəl Azərbaycanda baş vermiş terroru və qətliamı ifadə edir. Biz sənət adamları olaraq ümid edirik ki, bu musiqi vasitəsilə vermək istədiyimiz mesaj hər kəsə bu dəhşətli hadisənin mahiyyətini olduğu kimi çatdıracaq və müharibələrin çoxlu sayda insan həyatı bahasına başa gəldiyini xatırladacaq”.

Daha sonra çıxış edən Klam təşkilatının rəhbəri və Amenti Kvartetinin pianoçusu xanım Merve Mersinligil bildirib ki, bu tədbir Ermənistanın Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində qətlə yetirilmiş mülki əhalinin xatirəsinə həsr olunur: ““Xocalı soyqırımı hər zaman yaşlılar, uşaqlar və qadınlar da daxil olmaqla günahsız insanların qətl edilməsi kimi xatırlanacaq. Bu qanlı gecə sağ qalanların ailələri və hazırda itkin düşmüş insanların ürəklərində və yaddaşlarında yara kimi əbədi olaraq qalacaq”.

Böyük maraqla keçən “In Memory of Khodjaly Victims” əsərinin premyerası iki saata qədər davam edib və dəfələrlə tamaşaçıların gurultulu alqışları ilə müşayiət olunub.

Tədbirdə Azərbaycan prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, Azərbaycanın Belçika Krallığındakı səfiri Fuad İsgəndərov, Türkiyənin Belçika Krallığındakı səfiri Hakan Mehmet Olcay və digər rəsmi şəxslər iştirak ediblər.

Proqramın sonunda Şuranın sədri, millət vəkili Azay Quliyev əsərin müəllifi və kvartetin üzvlərinə ilk dəfə Xocalı soyqırımını klassik musiqi janrında Avropa auditoriyasına təqdim etdiklərinə görə səmimi təşəkkürünü bildirib və onları Bakıya dəvət edib.

Onu da qeyd edək ki, Xocalıya həsr olunan bu əsər bəstəkar Roman Zantenin digər əsərləri ilə birlikdə yaxın günlərdə kütləvi satışa çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR