Almaniyada ixtisasartırma kursu keçəcək sahibkarlar və menecerlər üçün hazırlıq seminarı keçirilib

Almaniyada ixtisasartırma kursu keçəcək sahibkarlar və menecerlər üçün hazırlıq seminarı keçirilib
# 15 aprel 2013 14:11 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyi arasında imzalanmış «Əməkdaşlıq haqqında Anlaşma Memorandumu»na müvafiq olaraq Bakı Biznes Tədris Mərkəzi Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (GİZ) ilə birlikdə «Azərbaycanda biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı»nı həyata keçirir.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və gənc menecerlər Almaniyanın müvafiq tədris mərkəzlərində və müəssisələrində «İqtisadi kooperasiya» üzrə 1 aylıq ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr yaradır.

Sahibkarların və menecerlərin «İqtisadi kooperasiya» üzrə ixtisasartırma kurslarına göndərilməsi məqsədilə fevralın 26-28-də və martın 14-də namizədlərin seçilməsi üzrə müsabiqələr keçirilib. Müsabiqələrdə iştirak edən 70 sahibkar və menecerlərdən 51-i müsabiqələrdə müvəffəqiyyət qazanıb. Onlardan 23-ü (ingilis dilli qrup) aprelin 21-dən mayın 18-dək «Münhen və Yuxarı Bavariya üçün ticarət sənaye palatası» Tədris Mərkəzində, 22-si (ingilis dilli qrup) isə iyunun 2-dən 29-dək «TÜF Reynland Akademiyası» Tədris Mərkəzində ixtisasartırma kursları keçəcək. Müsabiqələrdən müvəffəqiyyətlə keçən 4 nəfər ehtiyatda saxlanılıb, 2 nəfəri isə (aqrar sahə üzrə rus dilli qrup) 2014-cü ildə beynəlxalq qrupun tərkibində ixtisasartırma kursları keçəcək.

Bakı Biznes Tədris Mərkəzində Almaniyanın «TÜF Reynland Akademiyası» Tədris Mərkəzində ixtisasartırma kursları keçəcək sahibkar və gənc menecerlər üçün GİZ-in ekspertləri Vladislav Belov və «TÜF Reynland Akademiyası» Tədris Mərkəzinin nümayəndəsi Ungruh Stefan Helmut tərəfindən hazırlıq seminarı keçirilib. İki gün davam edən tədbirdə sahibkarlara və gənc menecerlərə beynəlxalq iqtisadi kooperasiya, Almaniya müəssisələri ilə işgüzar danışıqların aparılması və işgüzar əlaqələrin qurulması və s. barədə ətraflı məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR