Azərbaycanda dövlət pensiya təminatı sistemində yeni normativ hüquqi baza hazırlanacaq - FOTOSESSİYA

Azərbaycanda dövlət pensiya təminatı sistemində yeni normativ hüquqi baza hazırlanacaq - <span style="color: red;">FOTOSESSİYA
# 12 mart 2015 09:55 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Azərbaycanın sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması sahəsində Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Avropa İttifaqının birgə layihəsinin icra vəziyyəti barədə brifinq-təqdimat keçirilib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, tədbirdə çıxış edən layihə rəhbəri, DSMF-nin şöbə müdiri Nigar Pənahova görülmüş işlər barədə məlumat verərək qeyd edib ki, Avropa İttifaqının ekspertlər qrupu Azərbaycana çoxsaylı səfərlər edərək mövcud iqtisadi və demoqrafik vəziyyət, qanunvericilik, maliyyə və sığorta-pensiya sistemini öyrənib, geniş araşdırma işləri aparıb, eləcə də DSMF və dövlət orqanları ilə görüşlər keçirib.

Layihənin fəaliyyət göstərdiyi ötən dövr ərzində ekspertlərin və DSMF-nin nümayəndələrinin iştirakı ilə təşkil olunmuş seminarlarda Azərbaycan və Avropa İttifaqına daxil olan bir sıra ölkələrin sosial sığorta və pensiya təminatı sistemləri ilə bağlı geniş təqdimatlar edilib, qeyd edilən sistemlərin xüsusiyyətləri barədə ətraflı müzakirələr aparılıb. Ekspertlərin səfəri çərçivəsində, həmçinin layihə üzrə nəzərdə tutulan qanunvericiliyin hazırlanması üçün ilkin planın konseptual aspektləri ilə bağlı ətraflı müzakirələr təşkil olunub.

Hazırda layihənin icrasını həyata keçirən beynəlxalq ekspertlər yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı qanunvericiliyin ilkin planının layihəsi üzərində işləyir. Qanunvericilik bazası üzrə ilkin plan ekspertlərin apardığı araşdırma işlərinin nəticələri əsasında beynəlxalq təcrübə nəzərə alınmaqla tərtib ediləcək və bu işlər başa çatdırıldıqdan sonra ictimaiyyətin daha ətraflı məlumatlandırılması məqsədilə sənəd layihəsinin Avropa İttifaqı tərəfindən aprel ayında təqdimatının keçirilməsi nəzərdə tutulur.

Layihənin icrası haqqında təqdimatla çıxış edən rezident müşavir Aqrita Qroza layihənin uğurla davam etdirildiyini deyib. A.Qroza fəaliyyət planında nəzərdə tutulmuş hər bir komponent üzrə yerinə yetirilən işlər, layihənin icrasına cəlb olunmuş beynəlxalq ekspertlər, növbəti aylar üçün təsdiq olunan iş qrafiki barədə məlumat verib.

Daha sonra layihə üzrə almaniyalı ekspert, professor Heis-Ditrix Şteinmeyer beynəlxalq təcrübəyə əsasən çoxsəviyyəli pensiya təminatı sisteminin yaradılması üzrə mümkün həll yolları, yığım komponentinin tətbiq edilməsi və qeyri-dövlət pensiya fondlarının formalaşdırılması ilə əlaqədar beynəlxalq təcrübədə tətbiq edilmiş mexanizmlər və modellər, həmçinin özəl pensiya fondlarının yaradılması və könüllü sığortalanmanın əhəmiyyəti məsələlərinə toxunub.

Qeyd olunub ki, layihə üzrə qanunvericilik bazasının yaradılması üçün ilkin planda pensiya təminatı sisteminin hər bir səviyyəsinə aid müxtəlif təşkilati, inzibati, maliyyə, nəzarət, hüquqi və s. məsələlər öz əksini taparaq ətraflı təsvir olunacaq. İlkin plana daxil edilən məsələlər sonradan qanunvericilik bazası layihəsinin işlənməsində əsas götürüləcək. Yığım komponentinin tətbiqi ilə bağlı qanunvericilik bazasının ilkin planında əks etdirilməli olan vacib məsələlər sırasında vəsaitlərin yığım hesablarında toplanması mexanizmləri, bu vəsaitlərin idarə olunması, onların yönəldilə biləcəyi investisiya növləri, aktivlərin qiymətləndirilməsi və investisiya gəlirliliyinin hesablanması qaydaları, pensiyaların yığım hissəsinin əhaliyə ödənilməsi üzrə ilkin mexanizmlərə dair suallar xüsusi vurğulanıb.

Qeyri-dövlət pensiya fondları ilə bağlı isə bu institutların ümumi strukturu və iş prinsipləri, qeyri-dövlət pensiya proqramlarının xüsusiyyətləri, bu sahədə inzibatçılıq, dövlət nəzarəti və tənzimləməsi, pensiya vəsaitlərinin idarə olunması və s. bu kimi məsələlər mühüm əhəmiyyət kəsb edir.

Layihənin reallaşdırılması ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin, eləcə də qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaq. Müəyyən edilmiş prosedur qaydalarına uyğun olaraq layihənin həyata keçirilməsi üçün təsdiq olunan müqavilə ötən ilin aprel ayında qüvvəyə minib.

Qeyd edək ki, layihə üzrə işlərin 2015-ci ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR