Milli Məclis “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər edib

Milli Məclis “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər edib
# 05 aprel 2013 11:21 (UTC +04:00)

Bakı. Mübriz Aslanov-APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi qaydalarına dəyişikliklər müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik təklif olunur.

Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliklərə əsasən, tramvay və trolleybuslara, traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən digər mexaniki nəqliyyat vasitələrinə, hüquqi və fiziki şəxslərin ümumi istifadədə olan küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmayan texnoloji nəqliyyat vasitələrinə, mühərrikinin işçi həcmi 50 kub/sm-dən az və konstruktiv maksimal sürəti saatda 50 kilometr və daha az olan digər mexaniki nəqliyyat vasitələrinə, hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələrinə və avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə texniki baxış ildə bir dəfə keçirilir. Bu nəqliyyat vasitələri istehsal olunduğu vaxtdan bir il müddətində texniki baxışdan keçirilməyəcək.

Hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının istehsal olunduqları vaxtdan dörd il keçdikdə - iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə texniki baxışdan keçirilməsi təklif olunur. Bu nəqliyyat vasitələrinin istehsal olunduğu vaxtdan dörd il müddətində texniki baxışdan keçirilməməsi təklif olunur. Müzakirələrdən sonra layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR