Urmiyada 3 nəfər edam edilib

Urmiyada 3 nəfər edam edilib
# 26 aprel 2013 01:19 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranın Qərbi Azərbaycan vilayətində 3 nəfər edam edilib. APA-nın məlumatına görə, məhbuslar narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkiliblər. Onlardan ikisinin ad və soyadları məlum olub. Məhbuslardan biri Urmiyanın Təbyan kəndindən olan Nəzmi Harun Abbasnejad, digəri isə El Bəyzadədir. Məhbuslar barəsində aşağı instansiya məhkəməsinin çıxardığı ölüm hökmü İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra aprelin 24-də axşam saatlarında Urmiya şəhərinin mərkəzi həbsxanasında icra edilib.

Qeyd edək ki, “Amnesty İnternational” təşkilatının (Beynəlxalq Əfv Təşkilatı) yaydığı hesabatda İranda 2012-ci ildə 314 nəfərin edam edildiyi bildirilir. Ancaq İran insan haqları təşkilatları edamların sayına görə Çindən sonra ikinci pillədə qərarlaşmış bu ölkədə 2012-ci ildə 580 nəfərin dara çəkildiyini açıqlayıblar.

Xatırladaq ki, ötən həftə rəsmi və qeyri-rəsmi məlumatlara görə, Şirazda 9, Kirmanda 4, Məşhəddə 4, Kərəcdə 2, Zərənddə isə 1 nəfər olmaqla 20 nəfər edam edilib. Bu edamlardan 6-sı ictimaiyyətin gözü qarşısında, 14-i isə həbsxanada icra edilib. Bu həftə isə ikisi qadın olmaqla 4 nəfər Dezful, 3 nəfər Bəm, 2 nəfər də Məşhəd şəhərinin Vəkilabad həbsxanasında dara çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR