Brayza: "Sankt-Peterburq görüşü tərəfləri təhlükəsiz və daha stabil vəziyyətə doğru aparıb"

Brayza: "Sankt-Peterburq görüşü tərəfləri təhlükəsiz və daha stabil vəziyyətə doğru aparıb"
# 22 iyun 2016 10:33 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Azərbaycan, Ermənistan və Rusiya prezidentləri arasında Sankt-Peterburqda keçirilən görüş iki Cənubi Qafqaz ölkəsi arasında ab-havanı yaxşılaşdırdı və hər iki prezident və xarici işlər nazirləri arasında gələcək müzakirələrdə ATƏT-in Minsk Qrupunun mərkəzi rolunu bərpa etdi”.

Bu sözləri APA-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Estoniya Beynəlxalq Müdafiə və Təhlükəsizlik Mərkəzinin direktoru Metyu Brayza deyib. O bildirib ki, Sankt-Peterburq görüşündə Azərbaycan və Ermənistan prezidentləri mayın 16-da Vyanada razılaşdıqları kimi, təmas xəttində hərbi gərginliyi azalmaqla bağlı tədbirlərin həyata keçirilməsi və münaqişənin siyasi həlli ilə bağlı danışıqların bərpası üçün tələb olunan atmosferin yaradılması öhdəliyini üzərilərinə götürüblər: “Bütün bunlar ümumilikdə Azərbaycanla Ermənistan arasında münasibətlər baxımından irəliləyişlərdir, lakin münaqişənin həlli istiqamətində əsaslı (substantiv) nailiyyətlərin olduğuna işarə etmir. Bütün hallarda Sankt-Peterburq görüşü tərəfləri təhlükəsiz və daha stabil vəziyyətə doğru aparıb”.

M. Brayza ABŞ-ın Rusiya prezidenti Vladimir Putinin ev sahibliyi ilə keçirilən görüşdən kənarda qalmadığını söyləyib. Onun sözlərinə görə, məhz görüşün əsas nəticələrindən biri bu olub ki, yüksək səviyyəli görüşlər həmsədrlərin rəhbərliyi ilə Minsk Qrupu çərçivəsində davam etdiriləcək.

Keçmiş həmsədrin fikrincə, Rusiya bu ölkəyə qarşı sanksiyaları davam etdirən Aİ liderlərinə göstərmək istəyir ki, Cənubi Qafqazda sülhməramlı rol oynamağa çalışır.

M. Brayza hesab edir ki, münaqişənin həlli yolu 2007-ci ildən masa üzərində olan, münaqişənin həlli ilə bağlı təməl prinsipləri özündə əks etdirən Madrid sənədi üzərində işi yekunlaşdırmaqdam keçir: "Bunun baş verməsi üçün həmsədr ölkələrin prezidentlərinin, xüsusilə ABŞ prezidentinin bu işə cəlb edilməsi labüd olacaq”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR