Azərbaycanda “Teatr əməkdaşlığı” layihəsi start götürür

Azərbaycanda “Teatr əməkdaşlığı” layihəsi start götürür
# 25 yanvar 2013 13:29 (UTC +04:00)

Bakı. Ülkər Qasımova – APA. “British Council” Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ilə mədəni əməkdaşlıq çərçivəsində “Teatr əməkdaşlığı” layihəsinə start verib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Akademik Dram Teatrı, Yuğ Teatrı, Bakı Pantomima Teatrı və Rus Dram Teatrı kimi dövlət və özəl teatrları ilə əməkdaşlığı əhatə edəcək layihənin əsas məqsədi bir qrup gənc aktyor və texniki heyətin (işıq, səs) bacarıq və peşəkarlığını beynəlxalq standartlar səviyyəsində təkmilləşdirməyə kömək etməkdir.

Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihə Birləşmiş Krallığın mütəxəssislərinin həyata keçirdiyi təlim proqramı vasitəsilə Azərbaycan peşəkar teatrlarında gənc aktyorların və səhnəarxası heyətin peşəkarlıq səviyyəsinin bacarıqlarının gücləndirilməsinə istiqamətlənib. Təlim və təcrübə mübadiləsi yolu ilə, Azərbaycanın bir qrup teatr işçisi nümunə olacaq teatr qrupunu formalaşdıracaq, yerli teatr məktəblərinə, tendensiya və üslublarına təsir göstərəcək və Azərbaycan teatrının beynəlxalq teatr səhnəsinə inteqrasiyasını daha da genişləndirəcək.

Layihə çərçivəsində ilk təlim 20 illik təcrübəyə malik peşəkar işıqlandırma dizayneri Maykl Manyon tərəfindən 4-6 fevral tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycanın müxtəlif teatrlarını təmsil edən işıqlandırma dizaynerləri üçün keçiriləcək.

Maykl Manyon “Eye for Detail” məsləhət departamentinin əməkdaşıdır. O, 20 ildən çoxdur işıqlandırma dizayneri kimi çalışır. Bu vaxt ərzində o, Britaniyada, Avropada və Cənubi Afrikada teatr direktorları, xoreoqraflar və rejissorlarla bir yerdə çalışıb.

Layihə çərçivəsində ikinci təlim peşəkar teatr rejissoru Yan Vilyem Van Den Boh tərəfindən 11-15 fevral 2013-cü il tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının gənc aktyorları üçün keçiriləcək.

O da bildirilib ki, “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq ölkə teatrlarında çalışan kadrların ixtisaslarının təkmilləşdirilməsi prosesi davam etməkdədir. Bu məqsədlə 26-31 yanvar tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının və Dövlət Rus Dram Teatrının işıq və səs mütəxəssisləri Beynəlxalq Teatr İnstitutu tərəfindən keçiriləcək treninqdə iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin əl-Füceyra şəhərinə ezam olunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR