Şamaxının Muğanlı kəndinin bir hissəsinin köçürüləcəyi ərazi ilə bağlı sənədlər Nazirlər Kabinetinə təqdim olunub

Şamaxının Muğanlı kəndinin bir hissəsinin köçürüləcəyi ərazi ilə bağlı sənədlər Nazirlər Kabinetinə təqdim olunub
# 13 iyun 2012 21:31 (UTC +04:00)
Rayon icra hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri Qasım Qasımov APA-ya bildirib ki, Fövqəladə Hallar Nazirliyinin son yoxlamalarından sonra rayonda ümumilikdə 30 fərdi yaşayış evinin inşasına qərar verilib. Hazırda Çaylı kəndində 2, Göylərdə 2, Adnalıda 1, Böyük Xınıslıda 1, Nüydüdə 1 və Mirikənddə 3 yeni evin inşasına başlanılıb.

Şamaxı şəhərində və Quşçu kəndində 4, Sağyan kəndində isə 16 evin inşasına qərar verilib. Lakin həmin evlərin tikilməsi üçün əvvəl seçilmiş ərazidə aparılan araşdırma nəticəsində buranın sürüşməyə meylli olduğu müəyyən edilib. Hazırda Sağyan kəndində yeni ərazinin tikintiyə yararlılığının yoxlanılması üçün geoloji kəşfiyyat işləri aparılır.

Bundan əlavə, sürüşmə nəticəsində Muğanlı kəndində qəzalı vəziyyətə düşmüş 46 evin köçürülməsi ilə bağlı kəndin yaxınlığındakı yeni ərazidə bütün geoloji kəşfiyyat işləri başa çatdırılaraq sənədlər Nazirlər Kabinetinə təqdim olunub.

Qeyd edək ki, torpaq sürüşməsi nəticəsində Şamaxı şəhərində və 21 kənddə ümumilikdə 412 ev ziyan çəkib. Bu evlərdən bir hissəsi yaşayış üçün təhlükəli hesab olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR