Qafqaz Müsəlmanları İdarəsi Təhsil Nazirliyi qarşısında keçirilən aksiyanı pisləyən bəyanat yayıb

Qafqaz Müsəlmanları İdarəsi Təhsil Nazirliyi qarşısında keçirilən aksiyanı pisləyən bəyanat yayıb
# 09 oktyabr 2012 14:48 (UTC +04:00)
QMİ-nin mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda deyilir: “Azərbaycanda hicab qadağası olmadığı halda bu məsələnin süni şəkildə qabardılması dini mərkəz olaraq bizi narahat etməyə bilməz. Orta məktəblərdə vahid şagird geyimində baş örtüsünün nəzərə alınması ilə bağlı müvafiq tövsiyəmizi də zamanında bildirmişik. Hesab edirik ki, “hicaba azadlıq” şüarı altında aksiyanın keçirilməsi xalqımıza və dövlətçiliyimizə qarşı yönəlmiş təxribatdır və bunda məqsəd ölkəmizdəki sabitliyə xələl gətirmək, cəmiyyət daxilində qarşıdurma yaratmaqdır. Bu, təhlükəli təzahürdür və biz çox təəssüf edirik ki, bu hal bəzi qüvvələr tərəfindən İslam adından sui-istifadə etmək yolu ilə həyata keçirilir. Hicab məsələsinin gündəmə gətirilməsi belələri üçün bir bəhanə, Azərbaycan dövlətinin nüfuzuna kölgə salmaq vasitəsidir.
Dünya şahiddir ki, bu gün dövlət başçımızın səyləri sayəsində Azərbaycan uğurlu inkişaf yolu ilə irəliləyir, həyatın bütün sahələrində böyük nailiyyətlər qazanır. Görünən odur ki, bu uğurlar, ölkəmizin gün-gündən yüksələn nüfuzu bəzi daxili və xarici qüvvələri qane etmir, qıcıqlandırır. Etiraz aksiyalarnın ölkəmizdə əhəmiyyətli beynəlxalq tədbirlər ərəfəsində və ya zamanında keçirilməsinə cəhdlərin edilməsi də qərəzdən xəbər verir. Cəmiyyətdə qarşıdurma yaratmaq və bununla özlərinin mənfur məqsədlərinə yetmək niyyətində olanlar unutmamalıdırlar ki, demokratiya insan hüquqlarının qorunmasına xidmət edir və cəmiyyətin mövcud sabitliyini pozmaq cəhdlərinə qətiyyən haqq qazandırmır. Biz Azərbaycan dindarlarını, ziyalıları və ictimaiyyət nümayəndələrini bu məsələlərə diqqətli yanaşmağa, ictimai qınaq mövqeyində durmağa çağırırıq. Müstəqillik dönəmində dövlətimizin dindarlar üçün yaratdığı mövcud şəraiti, milli-mənəvi dəyərlərə, dini abidələrə yüksək qayğını nəzərə alaraq, dövlətin qanunlarına hörmətsizlik nümayişi kimi hallara yol verilməməsi üçün hamımız səfərbər olmalıyıq. Din xadimlərinin moizə və xütbələrində bu həqiqətləri insanlara çatdırmalarını vacib sayırıq. İslamın müqəddəs dəyərlərini uca tutan şəxs heç bir zaman zorakılıq çağırışlarına yol verməz, Vətənin mənafelərinə zərər gətirməz. Vətəni sevmək, onun təəssübünü çəkmək imanın göstəricisidir. Heç bir məram öz ölkəsinin nüfuzuna xələl gətirmək niyyətinə haqq qazandıra bilməz. Qarabağ kimi problemi olan bir xalqın 20 faiz torpağının işğalı davam etdiyi, dini-mənəvi abidələri məhv edildiyi bir dövrdə bu cür təxribat xarakterli aksiyalar yalnız düşmənlərimizin işinə yaraya bilər.

Qafqaz Müsəlmanları İdarəsi vətəndaş qarşıdurmasına rəvac verən halları qətiyyətlə pisləyir, bütün məsələlərin yalnız sivil yolla - həm dinimizin buyurduqlarına, həm də dövlətimizin qanunlarına ehtiramlı yanaşma ruhunda həllinin tərəfdarı kimi çıxış edir. Əminik ki, Azərbaycan dindarları, inşallah, dövlətçiliyimizin qorunması yolunda bütün maneələr və təxribatları layiqli şəkildə dəf edəcəklər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR