“Karyerada ilk addım” adlı növbəti aktiv məşğulluq tədbiri keçirilib

“Karyerada ilk addım” adlı növbəti aktiv məşğulluq tədbiri keçirilib
# 22 iyun 2012 14:10 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri həyata keçirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Qafqaz Universitetində keçirilən tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov və Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç iştirak edib.

F.Ələkbərov son illər “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirləri nəticəsində hər il 600-700 gəncin münasib iş yerləri ilə təmin olunduğunu bildirib. Nazirin sözlərinə görə, bu tədbirlərdə məzunlarla işəgötürən müəssisə və təşkilatlar arasında əlaqələrin qurulması üçün lazımi şərait yaradılır və onlarla ünsiyyət qurmaq sahəsində müəyyən təcrübə formalaşır. F.Ələkbərov deyib ki, aktiv məşğulluq tədbirləri bütün ali təhsil müəssisələrində təşkil olunacaq.

Tədbirdə 79 müəssisə və təşkilat tərəfindən 687 boş iş yeri təqdim olunub. Məlumatda bildirilir ki, 2008-ci ildən başlayaraq aktiv məşğulluq tədbirlərində ümumilikdə 301 müəssisə tərəfindən tələbə və məzunların seçiminə 2721 boş vakant iş yeri təqdim edilib. Tədbirlərdə iştirak etmiş tələbə və məzunlardan 622 nəfərə göndəriş verilib, 246 nəfər münasib işlə təmin edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR