Azərbaycanın birinci xanımı Fransanın mədəniyyət və kommunikasiya naziri ilə görüşüb

Azərbaycanın birinci xanımı Fransanın mədəniyyət və kommunikasiya naziri ilə görüşüb
# 09 mart 2012 16:05 (UTC +04:00)
APA-nın məlumatına görə, əvvəlcə qonaqlar Heydər Əliyev Fondunda Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olublar.

Nümayəndə heyətinə Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Qonaqlar dahi şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlar və fotoşəkillər ilə tanış olublar.

Fondla tanışlıqdan sonra nümayəndə heyəti Mehriban Əliyeva ilə görüşüb.

Görüşdə M. Əliyeva martın 10-da Bakıda “Fransanın inciləri” adlı sərginin açılacağını və burada Fransanın ən möhtəşəm muzeylərinə aid kolleksiyalardan eksponatların təqdim ediləcəyini bildirib, bu sərginin Azərbaycanın mədəni həyatında mühüm hadisə olduğunu deyib.

“Şadam ki, dövlət qurumları ilə yanaşı, Heydər Əliyev Fondu da Fransanın mədəniyyət qurumları ilə sıx əməkdaşlıq edir”, - deyən M. Əliyeva qeyd edib ki, Azərbaycan Fransada nazir Frederik Mitteranın dəstəyini hər zaman hiss edib. Azərbaycanın birinci xanımı bu dəstəyə görə minnətdarlığını bildirib.

Heydər Əliyev Fondunun prezidenti paytaxt Parislə yanaşı, Fransanın regionlarında da Azərbaycanla bağlı mədəni tədbirlərin keçirildiyindən şad olduğunu deyib, bu ilin sonunadək Fransanın regionlarında bir neçə tədbirin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. “Şübhəsiz ki, bütün bu tədbirlərin, görüşlərin məqsədi Azərbaycan və fransız xalqlarını bir-birinə daha yaxından tanıtmaqdır”, - deyən M. Əliyeva bu ilin aprelində Parisdə “Bakıya uçuş” adlı sərginin təşkil ediləcəyini diqqətə çatdırıb və F. Mitteranı bu tədbirə dəvət edib.

Öz növbəsində, Heydər Əliyev Fondunun prezidentinin ötən il Fransaya səfərini xatırladan F. Mitteran keçirilən görüşlərin ölkələr arasında dostluğa töhfə olduğunu vurğulayıb.

Qonaq Heydər Əliyev Fondunun fəaliyyətində mədəniyyət sahəsinin prioritet istiqamətlərindən birini təşkil etdiyini qeyd edərək, bu sahənin əhəmiyyətindən danışıb.

Fransanın mədəniyyət və kommunikasiya naziri Bakıda “Fransanın inciləri” sərgisinin təşkilinə göstərilən dəstəyə görə M. Əliyevaya minnətdarlığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR