Baş Prokurorluğun əməkdaşları Rusiyada beynəlxalq tədbirdə iştirak ediblər

Baş Prokurorluğun əməkdaşları Rusiyada beynəlxalq tədbirdə iştirak ediblər
# 05 iyun 2012 15:33 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Baş Prokurorluğun əməkdaşları Rusiyada beynəlxalq tədbirdə iştirak ediblər. APA-nın Baş Prokurorluğun saytına istinadən verdiyi məlumata görə, Moskvada Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Birinci Avrasiya Antikorrupsiya Forumu və forum çərçivəsində gənc hüquqşünas alimlər üçün "Korrupsiyaya qarşı mübarizədə hüquqi innovasiyalar" mövzusunda VII Beynəlxalq tədbir keçirilib. Rusiya Federasiyası, Ukrayna, Qazaxıstan Respublikası, Malayziya və Çin Xalq Respublikasının dövlət qurumlarının, hüquqşünas alimlərin və hüquq ictimaiyyətinin nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycanı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin Preventiv tədbirlər və təhqiqat şöbəsinin böyük prokuroru Pərvin Quliyev təmsil edib.

P. Quliyev Forumdakı çıxışında korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanda həyata keçirilən islahatlar, o cümlədən mütərəqqi qanunların qəbul edilməsi, qanunvericiliyin ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalara uyğunlaşdırılması, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya və Fəaliyyət Planının icrası ilə bağlı görülmüş işlər, habelə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

Tədbirdə Birinci Avrasiya Antikorrupsiya Forumunun bəyannaməsi qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR