DİN və Baş Prokurorluq son vaxtlar ölkədə törədilən cinayət hadisələri barədə birgə məlumat yayıb

DİN  və Baş Prokurorluq son vaxtlar ölkədə törədilən cinayət hadisələri barədə birgə məlumat yayıb
# 09 mart 2012 16:06 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu son vaxtlar ölkə ərazisində törədilən xüsusilə ağır cinayət hadisələri ilə bağlı birgə məlumat yayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, respublikada baş verən ağır və xüsusilə ağır cinayətlərin açılması, təqsirkar şəxslərin tutulub məsuliyyətə cəlb edilməsi istiqamətində daxili işlər və prokurorluq orqanları tərəfindən son günlər bir sıra uğurlu əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilib. Belə ki, fevralın 28-də Mingəçevir şəhər sakini 77 yaşlı Əfsər Abdurəhmanovun yaşadığı mənzildə üzərində çoxsaylı xəsarətləri olan meyiti aşkar edilib və fakt üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəhər Prokurorluğu və Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri Kamran və Orxan Rüstəmovlar martın 2-də tutularaq istintaqa cəlb ediliblər. Prosessual araşdırmalar göstərib ki, fevralın 27-də, oğlu Orxanla birlikdə mərhumun yaşadığı mənzilə qarət məqsədi ilə gələn Kamran Rüstəmov gətirdiyi dəmir parçası ilə Əfsər Abdurəhmanova çoxsaylı zərbələr endirməklə onu öldürüblər. Onlar evdə olan qızıl-zinət əşyalarını və pensiya kartlarını götürüb, izi itirmək üçün cinayət aləti olan dəmir parçasını və istifadə etdikləri əlcəkləri atıb, lakin sonradan həmin əşyalar tapılaraq maddi sübut kimi istintaqa təqdim edilib.

Başqa bir ağır cinayət hadisəsi Şabran rayonunda törədilib. Fevralın 29-da Sincanboyad kəndi ərazisində rayon sakini Əbil Şükürovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar olunub. Bununla əlaqədar Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarışı İdarəsi, rayon Prokurorluğu və Polis Şöbəsi əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri ilə rayon sakini, əvvəllər məhkum olunmuş Xəyyam Pənahov tutularaq istintaqa cəlb edilib. Müəyyən olunub ki, o, həmin gün mərhumun Sincanboyad kəndinə getdiyini bilərək, qisas almaq məqsədilə, gecə saat 02.00 radələrində Əbil Şükürova bıçaqla çoxsaylı xəsarətlər yetirməklə onu öldürüb.

Hazırda hər iki cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR