Xarici ölkələrdəki əlyazma kataloqlarında Azərbaycana aid 12 min əlyazma var

Xarici ölkələrdəki əlyazma kataloqlarında Azərbaycana aid 12 min əlyazma var
# 09 oktyabr 2012 14:33 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutu xarici ölkərlədən əlyazmalarıln alınmasını stimullaşdırmaq üçün təkliflə çıxış edib. İnstitutun direktor əvəzi Paşa Kərimov APA-ya bildirib ki, institut xarici ölkələrdə olan əlyazmaları vahid mərkəzdə toplamaq fikrindədir: “Belə bir təklif Ərəb Liqası tərəfindən də edilib. Onlar ərəb əlyazmalarının surətlərini bir mərkəzdə toplayırlar. Biz də dünyada olan Azərbaycan əlyazmalarının surətlərinin ölkəyə gətirilməsi işini həyata keçirmək istəyirik. Bu məqsədlə AMEA Rəyasət Heyətinə təklif vermişik. Təkliflərdə Şərqi Avropa və Şərq ölkələrinə elmi ezamiyyətlərin təşkili, müxtəlif ölkələrdə əlyazmaların alınması üçün maliyyənin ayrılması və s. əksini tapıb. Bəzi ölkələrin arxivlərində, kitabxanalarında olan əlyazmaların alınması üçün maliyyə tələb olunmur. Amma xüsusən Avropanın bəzi kitabxanalarından əlyazmaları almaq üçün maliyyənin olması lazımdır”.

P. Kərimov bildirib ki, hazırda xarici ölkələrdəki əlyazma kataloqlarında Azərbaycana aid 12 min əlyazma var. Amma bu, xarici ölkələrdə Azərbaycanla bağlı olan əlyazmaların çox az hissəsidir. Xarici ölkələrdəki əlyazmalar bundan qat-qat çoxdur. Azərbaycanla bağlı daha çox əlyazma İran və Türkiyədədir. Əfqanıstan, Pakistan, Hindistan kimi ölkələr əlyazmalarını ümumiyyətlə, İran isə böyük hissəsini kataloqlaşdırmayıb. Bu səbəbdən dünya ölkələrində Azərbaycanla bağlı əlyazmaların dəqiq sayı bəlli deyil.

Qeyd edək ki, hazırda əlyazmalar institutunda 40 min material var. Onlardan 12 mini əlyazma kitabıdır. Azərbaycanda tarixi qeyd olunmuş ən qədim əlyazma İbn Sinanın 1143-cü ildə köçürülmüş “Tibbi qanun” kitabıdır. Lakin IX əsrə aid olduğu ehtimal edilən, üzərində tarix göstərilməyən Quran surəsi də ən qədim əlyazmalardan hesab edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR