Rafael Hüseynovun yeni kitabı çıxıb

Rafael Hüseynovun yeni kitabı çıxıb
# 13 iyul 2012 11:41 (UTC +04:00)
Bakı. Leyla Hacıyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynovun “Hamısı ulduz. Musiqi tariximizin səhifələri” adlı kitabı işıq üzü görüb. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kitabda Azərbaycan musiqi tarixində silinməz izlər qoymuş görkəmli sənətkarların ömür və sənət yolları haqqında yazılar Rafael Hüseynovun 30 ildən artıq bir müddətdə apardığı tədqiqatların, çoxlu sayda əlyazmaların, arxiv materiallarının öyrənilməsi, eləcə də sənət xadimlərimizlə müntəzəm ünsiyyət və müsahibələrinin bəhrəsi kimi meydana gəlib.

Kitabın redaktorları professor Fərhad Bədəlbəyli və akademik Teymur Bünyadovdur.

Kitabda yer alan sənədlər uzun illərin araşdırmaları nəticəsində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Milli Təhlükəsizlik Nazirliyinin arxivi, ayrı-ayrı ailələrdən və digər mənbələrdən toplanıb.

Qeyd edək ki,“Səma kimi Azərbaycan” müqəddiməsi ilə başlanan, “Ustadlar”, “Sığmazlıq”, “Çərçivə”, “Təməllər” və “Yuva” adlı beş fəsli əhatə edən “Hamısı ulduz” kitabı xalq musiqisinin tarixi və onun əbədiyaşar ifaçıları haqqında qiymətli mənbədir. Kitab musiqişünaslar, sənət tarixçiləri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR