“Regiondakı mövcud hərbi-siyasi durum, Azərbaycanın ərazi bütövlüyünə təhdidlər” mövzusunda 17-ci Qarabağ Forumu keçirilib

“Regiondakı mövcud hərbi-siyasi durum, Azərbaycanın ərazi bütövlüyünə təhdidlər” mövzusunda 17-ci Qarabağ Forumu keçirilib
# 10 iyul 2012 10:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının təşəbbüsü ilə (DCUMH) “Regiondakı mövcud hərbi-siyasi durum, Azərbaycanın ərazi bütövlüyünə təhdidlər” mövzusunda 17-ci Qarabağ Forumu keçirilib. APA-nın məlumatına görə, tədbiri Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu aparıb.

“Regiondakı mövcud hərbi-siyasi durum” mövzusunda Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər, “Azərbaycanın ərazi bütövlüyünə təhdidlər” mövzusunda isə Azadlıq Partiyasının sədri məruzə ilə çıxış ediblər. S. Əkbər bildirib ki, Gürcüstan-Rusiya hərbi qarşıdurmasından sonra regiondakı hərbi-siyasi durumda ciddi dəyişikliklər əmələ gəlib. Belə ki, Rusiyanın bölgədə hərbi imkanları genişlənib, Moskva Ermənistanın təhlükəsizlik təminatını tam olaraq öz üzərinə götürüb. S. Əkbər bölgədə İsrailin, İranın və ABŞ-ın imkanlarını da xarakterizə edib: “Regionda hərbi-siyasi duruma təsir göstərən amillərdən biri də ABŞ-ın Türkiyədə yerləşdirilən radar kompleksidir. İranın hərbi sahədə apardığı işlər regionda silahlanma prosesini gücləndirir. Eyni zamanda Rusiya və İran da Xəzərdə silahlanmanı genişləndirir. Bu da bölgədə hərbi-siyasi duruma mənfi təsir göstərir. Hərbi-siyasi durumun bu vəziyyətdə olması Azərbaycanın elitasını narahat etməli və onlar durumu adekvat qiymətləndirməlidirlər”.

Ə. Oruc deyib ki, illər keçdikcə Qarabağ problemi dünyanın uzunmüddətli münaqişəsinə çevrilir: “Proses uzandıqca Azərbaycanın Qarabağı itirməsi, həmin bölgəyə statusun verilməsi məsələsi reallaşa bilər”. Ə. Oruc ATƏT-in Minsk Qrupunun və BMT-nin sülhlə bağlı tələblərinin “status-kvo”nun qorunmasına xidmət etdiyini də söyləyib.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan, müttəfiq partiya və ictimai qurumların nümayəndələri mövzuya dair çıxışlar ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR