Doktoranturaya qəbulla bağlı yeniliklər ediləcək

Doktoranturaya qəbulla bağlı yeniliklər ediləcək
# 06 noyabr 2012 14:57 (UTC +04:00)
Bakı. Könül Kamilqızı – APA “Təhsil Nazirliyi tərəfindən doktoranturaya qəbulla bağlı yeni sənəd hazırlanır. Yeni sənəd əsasən, doktoranturaya qəbul işinin təşkili və bu sahədə müəyyən dəyişikliklərin aparılması ilə bağlıdır”. Bu barədə APA-ya Təhsil Nazirliyinin elm şöbəsinin müdiri Gültəkin Hüseynova məlumat verib. O bildirib ki, Təhsil Nazirliyinin işçi qrupu tərəfindən sənədin hazırlanması istiqamətində müvafiq iş aparılır. G.Hüseynovanın sözlərinə görə, hələlik yeni sənədi Təhsil Nazirliyinin işçi qrupu Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri ilə birgə hazırlayır, sonradan isə bu prosesə Ali Attestasiya Komitəsinin nümayəndələri də cəlb ediləcək.

“Doktoranturaya qəbulda bir sıra yeniliklərin olması gözlənilir. Sənədlər çox mürəkkəb olduğundan onun üzərində uzun müddət işlənməsinə ehtiyac var. Bundan əlavə, doktorantura ilə bağlı kredit sistemi üzərində iş aparılır və bunun tətbiqi ilə əlaqədar məsələlərə baxılır. Belə ki, doktorantura təhsilini başa vurmaq istəyənlər müəyyən kreditlər toplamalı olacaq. Bu isə doktoranturaya qəbulda ən böyük yenilik olacaq”, - deyə G.Hüseynova əlavə edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR