Türk Hava Kurumu Azərbaycanda şöbə açacaq

Türk Hava Kurumu Azərbaycanda şöbə açacaq
# 12 mart 2012 12:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türk Hava Kurumu (THK) Azərbaycanda şöbə açmağı planlaşdırır. Bu barədə APA-ya THK-nın sədri, ehtiyatda olan general-leytenant Osman Yıldırım məlumat verib. Bakıya əməkdaşlıq məsələlərini müzakirə etmək üçün gəldiklərini deyən O. Yıldırımın sözlərinə görə, yeni yaradılmış THK Universiteti aviasiya sahəsi üzrə peşəkar texniki kadrların hazırlanmasında Azərbaycan da daxil olmaqla türkdilli ölkələri əhatə edən layihə həyata keçirməyə hazırlaşır: “Başlanğıcda biz THK Universitetində təhsil üçün Azərbaycan daxil hər türkdilli ölkədən 6 tələbə götürəcəyik. Onların bütün xərcləri Türk Hava Kurumu tərəfindən ödəniləcək. Onlara ən müasir tələblər səviyyəsində təhsil veriləcək, eyni zamanda Amerikada və müxtəlif ölkələrdə kurslarda iştiraka göndəriləcəklər”.

O. Yıldırım bildirib ki, universiteti bitirənlərə veriləcək diplom dünyanın bütün ölkələrində tanınacaq və meyarlara uyğun gələn tələbələr işlə təmin olunacaqlar: “Biz orada aviasiyanın müxtəlif sahələri üzrə sırf texniki mütəxəssislər hazırlayacağıq. Onlar həm mülki, həm də hərbi aviasiya sahəsində çalışa biləcəklər. Eyni zamanda bizim universitetdə kosmik sahə üzrə mütəxəssislər hazırlanacaq”.

O. Yıldırım THK-nın hava idman növləri, həmçinin modelçilik üzrə Azərbaycanla əməkdaşlığa başlamaq üçün müzakirələr apardığını da qeyd edib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR