Azərbaycan Çempionlar Liqasına 2 klubla yollanır

Azərbaycan Çempionlar Liqasına 2 klubla yollanır
# 24 avqust 2012 15:40 (UTC +04:00)
Bakı – APA. Avropa Voleybol Konfederasiyası (CEV) qadın komandaların yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, son 3 ildə rekordlarını yeniləyə-yeniləyə irəliləyən Azərbaycan daha bir ilkə imza atıb.

Belə ki, ölkəmiz avrokuboklar üçün açıqlanan yeni siyahıda 8-ci yerdən 6-cı yerə yüksəlib. Hazırda Azərbaycanın aktivində 297,66 xalı var. Bu xala əsasən qadın komandalarımız 2013/2014-cü illər mövsümündə tarixində ilk dəfə Çempionlar Liqasında və CEV kubokunda 2 klubla təmsil olunmaq hüququ qazanıb. “Çelenc cup”da isə 1 təmsilçimiz iştirak edə bilər.

Bu uğur “Rabitə”, “Azərreyl”, “Lokomotiv”, “Bakı” və “İqtisadçı”nın ötən ilki çıxışları sayəsində əldə edilib. Reytinq cədvəlində, həmçinin lider dəyişikliyi də baş verib. “Fənərbaxça”nın Çempionlar Liqasının qalibi olması Türkiyəni birinci yerə yüksəldib (404,67). İkinci pilləyə enən Rusiya isə onlardan 25 xal geri qalsa da, türklər kimi Çempionlar Liqasında 3, CEV kubokunda və “Çelenc Cup”da 1 klubla təmsil olunmaq hüququnu saxlayıblar.

İlk “üçlüyü” İtaliya qapayır (369,57). Onlarla yanaşı, Azərbaycanı Fransa (332,00) və Polşa (299,33) qabaqlayır. Qaydalara əsasən 3-7-ci yerləri tutanlar 5 komanda (2 ÇL, 2 CEV kuboku və 1 “Çelenc Cup”) ilə avrokuboklarda mübarizə aparacaqlar. Siyahıda ölkəmizdən sonra isə Rumıniya (251,00) və Serbiya (242,00) qərarlaşıb. Onlar ötən illə müqayisədə bizdən geri düşüblər.

Reytinq cədvəlində ümumilikdə 34 ölkə yer alır ki, onlardan da yalnız 13-ü Çempionlar Liqasında iştirak edə bilərlər.

Qeyd edək ki, bu il Azərbaycan Çempionlar Liqasına 3 klubla qatılsa da, onlardan yalnız “Rabitə” həmin hüququ rəsmən qazanıb. “Azərreyl”lə “Lokomotiv” isə yarışda “wild card”la qüvvəsini sınayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR