Bakı Ali Neft Məktəbi və Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında müqavilə imzalanıb

Bakı Ali Neft Məktəbi və Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında müqavilə imzalanıb
# 24 may 2012 16:22 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Böyük Britaniyanın Heriot-Vatt Universitetinin rektoru, professor Stiv Çapmanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

APA-Economics”in xəbərinə görə, görüşdə Bakı Ali Neft Məktəbi ilə Heriot-Vatt Universiteti arasında mütəxəssis hazırlığı sahəsində əməkdaşlıq əlaqələrinin yaradılması və perspektivləri müzakirə edilib.

Rövnəq Abdullayev Azərbaycan prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli fərmanı ilə ARDNŞ-ın strukturunda Bakı Ali Neft Məktəbinin yaradılmasını ölkəmizin təhsil sistemində həyata keçirilən islahatların təzahürü kimi qiymətləndirib, şirkətdə mütərəqqi tədris proqramları və texnologiyaları əsasında müasir biliklərə yiyələnmiş yüksək ixtisaslı mütəxəssislərə ehtiyacın ildən-ilə daha da artacağını vurğulayıb. O, ARDNŞ-ın istər ölkə daxilində, istərsə də xaricdə həyata keçirdiyi layihələrdə yeni texnologiyalara yiyələnmiş, ingilis dilində təhsil almış mütəxəssislərə xüsusi tələbat olduğunu, şirkətin Təqaüd Proqramı çərçivəsində bu istiqamətdə əhəmiyyətli addımlar atıldığını nəzərə çatdırıb. R.Abdullayev ümidvar olduğunu bildirib ki, Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq əlaqələri Azərbaycanda ən müasir tədris proqramlarının və texnologiyalarının tətbiqinə imkan yaradacaq, beynəlxalq tələblərə cavab verən Bakı Ali Neft Məktəbinin yaradılması işinə dəyərli töhfələr verəcək.

Heriot-Vatt Universitetinin rektoru, professor Stiv Çapman Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığın qarşılıqlı faydalı nəticələr verəcəyinə əminliyini ifadə edib.

Görüşdən sonra ARDNŞ prezidenti Rövnəq Abdullayevin iştirakı ilə Bakı Ali Neft Məktəbi və Böyük Britaniyanın Heriot-Vatt Universiteti arasında mütəxəssis hazırlığının təşkilinin əsas prinsiplərinə dair müqavilənin imzalanma mərasimi keçirilib. Müqaviləni Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Heriot-Vatt Universitetinin rektoru, professor Stiv Çapman və dekanı, professor Filip Con imzalayıblar. Qeyd olunub ki, müqavilənin imzalanmasında məqsəd Heriot-Vatt Universitetinin “Neft mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə tədris proqramlarının əsasında Bakı Ali Neft Məktəbində ingilis dilində tədris prosesinin təşkil olunmasından, eləcə də bakalavriat, magistratura və doktorantura səviyyələrində yüksək ixtisaslı mühəndis və elmi-pedaqoji kadrların hazırlanmasından ibarətdir. Müqavilənin şərtlərinə əsasən, Bakı Ali Neft Məktəbi fəaliyyətinin təşkili məqsədilə bütün rəsmi razılıqları əldə etməli, tədrisin müasir səviyyədə aparılması üçün zəruri infrastruktur yaratmalı və kadr potensialını formalaşdırmalıdır. Heriot-Vatt Universiteti müvafiq ixtisaslar üzrə tədris proqramlarını Bakı Ali Neft Məktəbinə təqdim etməli, proqram üzrə təhsilin metodik və maddi-texniki bazasının yaradılmasına yardım göstərməli və tədrisin təşkilinə, onun nəticələrinin qiymətləndirilməsinə nəzarəti həyata keçirməlidir. Müqaviləyə görə, 2012-2017-ci illərdə həyata keçiriləcək tədris prosesi əsasında Bakı Ali Neft Məktəbinin məzunlarına hər iki ali məktəbin diplomlarının verilməsi nəzərdə tutulub.

R.Abdullayev jurnalistlərin “Bakı Ali Neft Məktəbi Azərbaycan Dövlət Neft Akademiyasından nə ilə fərqlənəcək” sualına cavab olaraq bildirib ki, Bakı Ali Neft Məktəbi ARDNŞ üçün yüksək ixtisaslı kadrların hazırlanması üçün yaradılıb: “Artıq ARDNŞ bütün dünyada böyük biznes əməliyyatları həyata keçirir və bu layihələri həyata keçirmək üçün ngilis dilli, yüksək səviyyəli azərbaycanlı mütəxəssislərə ehtiyac var. Burda hazırlanan mütəxəssislər də ingilis dilli texniki mühəndis heyəti olacaq və xaricdəki layihələrimizi həyata keçirməkdə bizə kömək edəcəklər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR