Azərbaycan yaxın vaxtlarda ÜTT-yə üzv olmağı planlaşdırmır

Azərbaycan yaxın vaxtlarda ÜTT-yə üzv olmağı planlaşdırmır
# 21 sentyabr 2012 13:27 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Parisdə fransız şirkətlərinin rəsmiləri ilə keçirdiyi görüşündə bildirib.

Fransa şirkətlərinin Azərbaycanın ÜTT-yə daxil olması perspektivləri ilə bağlı sualını cavablandıran prezident bildirib ki, hazırda Azərbaycan bu məsələ üzərində işləyir, tərəfdaş ölkələrlə ikitərəfli məsləhətləşmələr aparılır və bu proses uğurla davam edir.

Bununla yanaşı dövlət başçısı qeyd edib ki, hazırda Azərbaycanın ÜTT-yə daxil olması ilə bağlı iki fikir var. Bunlardan birincisi təşkilata mümkün qədər tez üzv olmaqdır: «Bu fikir də yetərincə əsaslıdır, çünki bu, bazarda rəqabətə davamlılığı artıracaqdır. Bu isə, ümid edirik ki, istehlakçı qiymətlərinə müsbət təsir edəcəkdir. Hazırda Azərbaycan bir sıra beynəlxalq təsisatlara inteqrasiya edən ölkədir və Ümumdünya Ticarət Təşkilatının bir hissəsi olmağa yaxındır».

Prezident həmçinin bildirib ki, təşkilata erkən üzvlük Azərbaycanın qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatı və kiçik və orta sahibkarlığın inkişafını ləngidə bilər. Ona görə də, digər yanaşmada Azərbaycanın ÜTT-yə üzvlüyünün nisbətən gec baş verməsi nəzərdə tutulur: «Çünki indi biz şaxələndirmə (iqtisadiyyatın şaxələndirilməsi - APA) istiqamətində ciddi iş görürük. Bizim fərdi sahibkarlığın həvəsləndirilməsi üzrə dövlət proqramımız var».

Dövlət başçısı vurğulayıb ki, bu proqramlar çərçivəsində 2013-cü ildə kənd yerlərində kiçik və orta müəssisələrə 300 mln. avro məbləğində güzəştli kreditlər ayrılacaq. Bundan başqa, prezident dövlətin kənd təsərrüfatına da böyük subsidiyalar ayırdığını xatırladıb: «Bizim fermerlərə yanacaq 50% güzəştlə satılır. Onlar gübrəni də 50-75% arasında güzəştlə alırlar. Onlar torpaq vergisindən başqa, bütün vergilərdən azad olunublar. Onlara taxıl əkdikdə hər bir hektara görə 100 avro verilir. Bu subsidiyalar bizə kənd təsərrüfatı məhsullarının idxalından asılılığı əhəmiyyətli şəkildə azaltmağa kömək edir», -deyə prezident bildirib.

İ.Əliyevin sözlərinə görə, bu gün Azərbaycan özünün bəzi məhsullara tələbatını 80-85% həcmində ödəyə bilir. Məqsəd isə 2015-ci ilin sonunadək ölkənin kənd təsərrüfatı məhsullarına olan tələbatının 100% daxili imkanlar hesabına təmin etməkdir. Eyni zamanda bu işlər 1 mln. iş yerinin açılmasına şərait yaradıb ki, bunların da əksəriyyəti kənd yerlərindədir.

Prezident bildirib ki, əgər Azərbaycan ÜTT-yə tezliklə qəbul olunsa, bu işləri həyata keçirmək mümkün olmayacaq: «Əgər biz Ümumdünya Ticarət Təşkilatına bu gün qoşulsaq, bu, kənd yerində sahibkarlığın inkişafına mənfi təsir göstərə bilər. Bu, məşğulluqla bağlı müəyyən problemlər yarada bilər. Bizim bəzi mallarımız rəqabətə davamlılığını itirə bilər. Biz bu iki yanaşma arasında yolumuzu tapmağa çalışırıq. Beləliklə, biz danışıqlar prosesindəyik. Çox güman ki, bizim üzv qəbul olunmağımız yaxın gələcəkdə baş verməyəcəkdir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR