Ramin Musayev: “FİFA hansısa qərar çıxarırsa, bu, müzakirə olunmur”

Ramin Musayev: “FİFA hansısa qərar çıxarırsa, bu, müzakirə olunmur”
# 12 aprel 2012 13:36 (UTC +04:00)
Bakı – APA. “FİFA hansısa qərar çıxarırsa, bu, müzakirə olunmur. Amma konkret Romulo Silvanonun şikayətindən sonra 6 xalın silinməsi ilə çıxarılacaq qərarı düzgün saymıram”. Bu fikirləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

PFL rəhbəri 2008/09 mövsümündə “Xəzər Lənkəran”ın heyətində oynayan braziliyalı futbolçu Romulo Silvanonun şikayətinə əsasən FİFA-nın “ağ-yaşıllar” barədə çıxara biləcək qərarla bağlı fikirlərini açıqlayıb.

Musayevin sözlərinə görə, bu məsələdə klubu cərimələməklə işi bitmiş saymaq olar: “Əgər həmin futbolçuya borc varsa, klubu cərimələ! Ancaq 6 xalı silmək düzgün deyil. Çünki həmin futbolçu cari mövsümdə çıxış etməyib, iştirak ərizəsində olmayıb. Elədirsə, komandada işləyən məşqçilərin, futbolçuların nə günahı var? Onların çəkdiyi əziyyətə nə deyəsən? Ancaq FİFA-nın qərarı müzakirə olunmur. Qərarın nə vaxt çıxarılacağını deyə bilmərəm. Belə hallarda rəsmi məktub adətən AFFA-ya daxil olur. Mən 6 xalın silinməyi halında çempionatda mübarizədən daha çox məşqçilərin, futbolçuların vəziyyətini fikirləşirəm”.

Mehman SÜLEYMANOV
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR