Gürcüstan parlamentinin sədr müavini: “Ərazi bütövlüyümüzün pozulması ortaq dərdimizdir”

Gürcüstan parlamentinin sədr müavini: “Ərazi bütövlüyümüzün pozulması ortaq dərdimizdir”
# 25 fevral 2009 09:11 (UTC +04:00)
- Gürcüstan-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz?

- Biz sovet dövründən bəri Azərbaycanla dostluq və mehriban qonşuluq şəraitində yaşamışıq. Azərbaycan hər zaman Gürcüstana ən yaxın dost ölkə olub və bu gün də belədir. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Ölkəmizin çətin günlərində həmişə Azərbaycan bizim yanımızda olub, bizə kömək edib.

- Gürcüstandakı azərbaycanlıların problemləri və onların həlli yolları barədə nə deyə bilərsiniz?

- Hər iki ölkənin problemi eynidir – ərazi bütövlüyünün pozulması. Gürcüstan-Azərbaycan münasibətlərində problem yoxdur. Amma müəyyən məsələlər var ki, onların həlli çox asandır. Torpaq sahələrinin bölgüsündə problemlər vardı, amma Gürcüstandakı azərbaycanlıların 80 faizi bu problemin həllindən məmnundur. Başqa kiçik məsələlər də var və onlar bizim səfərimiz zamanı müzakirə olundu. Ancaq yenə deyirəm ki, ən önəmli ortaq problemimiz ərazi bütövlüyümüzün pozulmasıdır.

- Azərbaycanda keçirdiyiniz görüşlərdə hansı sahələr üzrə əməkdaşlıq müzakirə edildi?

- Azərbaycan prezidenti İlham Əliyevlə çox mehriban və dostyana söhbətimiz oldu. O, Azərbaycanın yaxın gələcəkdəki inkişaf perspektivlərindən, ölkənin iqtisadi yüksəlişindən danışdı. Bizim üçün bu, maraqlı idi. Biz Milli Məclisin sədri, parlament komissiyalarının rəhbərləri ilə görüşdük və hər iki ölkəni maraqlandıran mövzuları müzakirə etdik, Azərbaycan və Gürcüstan parlamentlərinin işi barədə fikir mübadiləsi apardıq. Xarici işlər, səhiyyə, əmək və əhalinin sosial müdafiəsi nazirləri ilə də görüşlər keçirdik və nümayəndə heyətimizi maraqlandıran məsələləri müzakirə etdik. Bu müzakirələr qarşılıqlı əlaqələrin daha da dərinləşməsinə şərait yaradacaq. Biz Azərbaycanda səhiyyə və sosial müdafiə sahələrində problemlərin necə həll olunduğunu öyrənmək məqsədilə hər iki sahənin nazirlərini Gürcüstana dəvət etdik. Əhalinin sosial müdafiəsi çox vacib məsələdir və hər iki ölkədə ən aktual problemdir.

- Nazirlər dəvəti qəbul etdilərmi və səfərlər bu il reallaşa bilərmi?

- Bəli, dəvətimiz qəbul olundu. Səfərlərin vaxtı diplomatik kanallarla dəqiqləşdiriləcək. Aprelin sonunda Gürcüstanda dzüdo üzrə Avropa çempionatı keçiriləcək. Azərbaycanın əmək və əhalinin müdafiəsi naziri həm də Dzüdo Federasiyasının prezidentidir. O, məmnuniyyətlə Gürcüstana gələrək bu tədbirdə iştirak edəcəyini söylədi.

- Xocalı faciəsinin 17-ci ildönümü tamam olur. Siz bu məsələnin Gürcüstan parlamentində müzakirə olunacağını bəyan etmisiniz. Bu müzakirə nə vaxt olacaq?

- Sözlərim deyəsən, mətbuat tərəfindən düzgün anlaşılmayıb, yaxud da mən çoxlu jurnalistin içində sualı yaxşı eşitməmişəm. Bu məsələ Gürcüstanın azərbaycanlı əhalisi arasında müzakirə oluna bilər, amma parlamentin gündəmində yoxdur.

- Gürcüstanın ərazi bütövlüyünün pozulması və Abxaziya, Cənubi Osetiya problemləri haqda nə deyə bilərsiniz?

- Əvvəl də dediyim kimi, bizim ortaq dərdimiz, ümumi faciəmiz budur. Abxaziya və Cənub Osetiya tarixi Gürcüstan torpaqlarıdır. Həm, Gürcüstan, həm də Azərbaycan vahid, bütöv ölkə olmalıdır. Ərazi bütövlüyü hüququmuz beynəlxalq təşkilatlar və normalar tərəfindən müdafiə edilir.

- Son vaxtlar Ermənistan mətbuatında Cavaxetiyanın muxtariyyəti məsələsi tez-tez gündəmə gətirilir. Buna münasibətiniz necədir?

- Kimin nə yazdığından asılı olmayaraq Gürcüstanda belə bir problem yoxdur. Bu ərazi Gürcüstanın bir parçasıdır və mən bu məsələnin yaxın gələcəkdə də gündəmə gələcəyinə inanmıram.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR