Azərbaycanın ilk CDMA operatoru xidmətlər çeşidini genişləndirir

Azərbaycanın ilk CDMA operatoru xidmətlər çeşidini genişləndirir
# 07 aprel 2009 13:06 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın ilk CDMA operatoru olan «Catel» şirkəti yaxın vaxtlarda WAP (mobil telefon vasitəsi ilə informasiya resurslarına qoşulma, melodiyaları, şəkilləri yükləmə imkanı), Call Register (buraxılmış çağırış haqda məlumatın alınması), Voice Mail (səsli poçt) və bazarda tələb olunan digər yeni əlavə xidmətləri tətbiq etməyi nəzərdə tutur.
«Catel»in Marketinq və ictimaiyyətlə əlaqələr Departamentinin direktor müavini Günel Heydərovanın «APA-Economics»ə verdiyi məlumata əsasən, bununla yanaşı şirkət «Azercell»lə yanaşı digər GSM operatorları ilə də SMS mübadiləsinin təşkilinə dair danışıqlar aparır.
Qeyd edək ki, hazırda «Catel» bir neçə qabaqcıl texnologiyadan istifadə edir və onlardan biri MultiGain Wireless (MGW) simsiz rabitə sistemidir. Bu şəbəkə, kabel imkanları həddindən artıq yüklənmiş şəhər şəraitində, yeni tikilmiş yaşayış massivlərində, adi telefoniya vasitəsi ilə rabitə yaratmağa imkanın olmadığı, uzaq ərazilərdə, toplantılarda, sərgilərdə və s. ideal rabitə vasitəsidir.
Bundan başqa, şirkət RSU avadanlığı vasitəsi ilə kabel rabitəsi xidmətlərini təklif edir. Əhalinin sıx cəmləşdiyi ərazilərdə çoxmərtəbəli binalar telefon kabelləri ilə təchiz olunur və Baza Stansiyası vasitəsi ilə abunəçilər adi kabel telefonu servisindən istifadə edirlər. Bu növ servisdən istifadə edən abunəçi yüksəkkeyfiyyətli telefon, faks rabitəsi, 56 Kbit/s sürətlə modem qoşulması, ayrılmış xətt və digər xidmətləri alır. Bu sistemdən Bakı şəhərinin Yeni Yasamal, Biləcəri, Qaraçuxur, İ.İsmaylov və Hövsan qəsəbələrinin abunəçiləri istifadə edə bilər.
Xatırladaq ki, 1997-ci ildə yaradılan «Catel» şirkəti WLL abonentlərinə FH-CDMA standartında simsiz rabitə xidmətləri, eləcə də mobil rabitə abonentlərinə 3G CDMA standartında rabitə xidmətləri göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR