İspaniya və Mərakeş Seuta eksklavına qanunsuz daxil olan miqrantların mümkün qədər qısa müddətdə geri qaytarılması ilə bağlı razılıq əldə ediblər.
Bu barədə İspaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska bildirib ki, insan alveri ilə məşğul olan cinayətkar şəbəkələr İspaniya məhkəməsinin son qərarından istifadə edərək qeyri-qanuni miqrasiya axınını təşviq etməyə çalışırlar.
Nazirlikdən bildirilib ki, tərəflər qeyri-qanuni miqrasiya axınlarının qarşısının alınması məqsədilə koordinasiya və birgə fəaliyyəti gücləndirmək, həmçinin Seutaya qanunsuz daxil olan şəxslərin mümkün qədər tez geri təhvil verilməsi üçün əlavə tədbirləri nəzərdən keçirmək barədə razılığa gəliblər.
"El Pais" qəzetinin məlumatına görə, iyulun 30-da minlərlə miqrant dəniz yolu ilə üzərək və rezin qayıqlarla Mərakeşdən Seutaya keçib.
Qeyd edək ki, təxminən 85 min nəfər əhalisi olan Seuta son günlər qeyri-qanuni miqrant axını ilə üzləşib. İspaniya hakimiyyəti qəbul mərkəzlərinin dolduğunu, yüzlərlə miqrantın küçələrdə gecələdiyini açıqlayıb.