Qvineyanın sabiq prezidenti Mussa Dadis Kamara təxminən 15 il əvvəl, 2009-cu il sentyabrın 28-də paytaxt Konakridəki stadionda 150-dən çox insanın qətlə yetirilməsi zamanı törətdiyi cinayətlərə görə 20 il müddətinə azadlıqdan məhrum edilib.
APA xəbər verir ki, Qvineyanın “Ginee Matin” xəbər portalı iyulun 31-də məhkəmə prosesini yayımlayıb.
Qeyd olunur ki, prokurorluq Qvineyanın eks-liderinə ömürlük həbs cəzası istəyib. 60 yaşlı Kamara ilə birlikdə əvvəllər ölkənin keçmiş prezidentinin və o zamankı hökumətinin yaxın çevrəsində olan daha 11 nəfər də hakim qarşısına çıxarılıb.
Məhkəmə onlardan yeddisini təqsirli bilərək onları 10 ildən 18 ilədək azadlıqdan məhrum edib.