Rus bölməsinin 8 mindən çox abituriyenti “Azərbaycan dili” fənnindən imtahan verəcək

Rus bölməsinin 8 mindən çox abituriyenti “Azərbaycan dili” fənnindən imtahan verəcək
# 22 aprel 2015 15:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 26-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan keçirəcək.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qeyd olunan şəhərlər üzrə ümumilikdə 20 mərkəzdə təşkil olunacaq imtahan saat 13:00-da başlanır və 45 dəqiqə ərzində aparılır.

Abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Məlumata görə, imtahanda 8426 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur. Onlardan 4041 nəfərini oğlanlar, 4385 nəfərini qızlar təşkil edir. Bakıda 5525 , Naxçıvanda 26 , Gəncədə 821, Sumqayıtda 587, Şəkidə 374, Ağcabədidə 109, Göyçayda 224, Şirvanda 144, Lənkəranda 160, Xaçmazda 456 nəfər abituriyentin imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunması üçün 63 imtahan rəhbəri, 670 nəzarətçi müəllim ayrılıb.

Aprelin 26-da keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyulun 7-də keçiriləcək növbəti “Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR