Fələstin XİN başçısı: “Heç bir maliyyə dəstəyi azadlığı, müstəqilliyi əvəz edə bilməz”

 Fələstin XİN başçısı: “Heç bir maliyyə dəstəyi azadlığı, müstəqilliyi əvəz edə bilməz”
# 16 oktyabr 2014 14:48 (UTC +04:00)

APA-nın məlumatına görə, açılış nitqi ilə çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev bu səfərin Fələstin-Azərbaycan əlaqələrinin inkişafına təkan verəcəyini söyləyib.

O bildirib ki, bu mühazirə Yaxın Şərq siyasətini və buradakı hadisələri daha yaxşı başa düşməyə imkan verəcək.

Sonra Fələstin xarici işlər naziri R. əl-Maliki çıxış edib. Nazir bildirib ki, beynəlxalq ictimaiyyət maliyyə dəstəyi verməklə, Fələstinin vəziyyətinin yaxşılaşacağını düşünür, ancaq heç bir maliyyə dəstəyi azadlığı, müstəqilliyi əvəz edə bilməz: “Artıq uzun müddətdir ki, beynəlxalq ictimaiyyət Fələstini müstəqil dövlət kimi tanıyacağına söz verir, lakin hələ nəticə yoxdur. Biz uzun müddətdir gözləyirik”.

R. əl-Malikinin sözlərinə görə, Fələstin-İsrail münaqişəsinin həllində üçüncü tərəfin iştirakı vacibdir: “Əgər bu baş verməsə, danışıqlarda heç bir irəliləyiş olmayacaq. Regionda sabitliyi bərpa etmək üçün bu münaqişənin həlli vacibdir. Danışıqlar prosesini eyni tempdə saxlamamalıyıq, irəliləyiş olmalıdır, bu proses belə davam edə bilməz. Fələstin-İsrail münaqişəsinin həllində beynəlxalq ictimaiyyət məsuliyyət daşıyır. Məsələnin həlli çox aydındır - təcavüzə son verilməli və Fələstinin müstəqilliyi tanınmalıdır”.

Nazir İsrailin dünyada sərhədlərini hələ də müəyyənləşdirməyən yeganə ölkə olduğunu və Fələstin torpaqlarını işğal etdiyini deyib: “Hər il 2 milyon turist Qüdsə səyahət edir, ancaq fələstinlilər bu şəhərə gedə bilməz. Halbuki bu şəhər Ramallahdan 10 kilometr aralıda yerləşir”.

R. əl- Maliki qeyd edib ki, bəzi ölkələr İsrailin törətdiyi əməllərə baxmayaraq, bu ölkəni müdafiə edir və dəstəkləyir: “Lakin Fələstinin müstəqilliyinin tanınması ilə bağlı məsələ BMT Təhlükəsizlik Şurasında qaldırılarkən, o zaman Şuranın qeyri-daimi üzvü olan Azərbaycan bu məsələyə tam dəstək verib. Buna görə Azərbaycana təşəkkür edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR