“Ay işığı” restoranının əmlakı siyahıya alınıb

“Ay işığı” restoranının əmlakı siyahıya alınıb
# 29 oktyabr 2014 10:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Vergilər Nazirliyi borclu vergi ödəyicilərinin əmlakını siyahıya alıb.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, 2 saylı Ərazi Vergi Departamentinin (ƏVD) Vergi borclarının alınması şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, ev 69 ünvanda yerləşən, “Azərpark” MMC-yə məxsus sabun və yuyucu tozların istehsalı zavodunun fəaliyyəti vergi orqanları tərəfindən araşdırılarkən, onun 28 887 manat məbləğində vergi borcunun yarandığı müəyyən edilib.

Bu barədə vergi ödəyicisinə bildiriş göndərilsə də borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilməyib. Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, yaranmış vergi borcunun ödənilməsini təmin etmək məqsədilə istehsal obyektində əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və obyektdəki 26 600 manat dəyərində sabun istehsal edən qurğu müəyyən edilib qaydada siyahıya alınıb.

Sumqayıt şəhərindəki Üzvi-sintez zavodunun ərazisində yerləşən, “Leyla-R” MMC-yə məxsus polietilen örtük istehsalı ilə məşğul olan sexdə də əmlakın siyahıya alınması tədbiri keçirilib. Vergi ödəyicisinin 3 507 manatlıq vergi borcunun təmin edilməsi məqsədilə istehsal obyektindəki 3 400 manat dəyərində polietilen paketlər müvafiq qaydada siyahıya alınıb.

Sumqayıt şəhəri, 6 mkr., ev 1 ünvanda yerləşən, fiziki şəxs Ələkbərov Rəşid Ramiz oğluna məxsus kafedə isə vergi ödəyicisinin 2 260 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün obyektdəki 1 880 manat dəyərində məişət texnikası müvafiq qaydada siyahıya alınmış, borcun qalan hissəsi yerindəcə ödənilib.

3 saylı ƏVİ-nin Vergi borclarının alınması şöbəsinin əməkdaşları tərəfindən Şabran şəhəri, M. Ə. Rəsulzadə küçəsi, ev 4, mənzil 7 ünvanda yerləşən, fiziki şəxs Kərimova Firuzə Tacəddin qızına məxsus alkoqollu içkilər və tütün məmulatlarının satıldığı mağazada əmlakın siyahıya alınması tədbiri keçirilib. Vergi ödəyicisinin 1 680 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək məqsədilə mağazada 1 292 manat dəyərində spirtli içkilər və tütün məmulatları müəyyən edilmiş qaydada siyahıya alınıb, borcun qalan hissəsi yerindəcə ödənilib.

Vergi əməkdaşları Qusar şəhəri, Qusar-Quba yolunun 1-ci km-də yerləşən, fiziki şəxs Tağıyev Elçin Ənvər oğluna məxsus “Ay işığı” restoranında da əmlakın siyahıya alınması tədbiri keçiriblər. Vergi ödəyicisinin 1 348 manat dəyərində vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə restorandakı 1 400 manatlıq məişət avadanlığı müvafiq qaydada siyahıya alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR