Azərbaycanda sahibkarlar üçün yoxlama suallarının siyahısının forması və tətbiqi qaydası müəyyənləşib

Azərbaycanda sahibkarlar üçün yoxlama suallarının siyahısının forması və tətbiqi qaydası müəyyənləşib
# 25 may 2014 08:28 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Yoxlama suallarının siyahısının forması və tətbiqi Qaydası”nı təsdiqləyib.

APA-nın verdiyi məlumata görə, bu Qayda sahibkarlıq sahəsində aparılan yoxlamalara dair yoxlama suallarının siyahısının əlavəyə uyğun formasını və yoxlayıcı orqan tərəfindən yoxlama suallarının siyahısının hazırlanması, təsdiq edilməsi və tətbiqi qaydalarını müəyyən edir.

Yoxlama suallarının siyahısının tətbiqinin məqsədi sahibkar haqqında məlumatların toplanmasında, yoxlamaların nəticələrinin təhlili və qiymətləndirilməsində sistemliliyin, yoxlamaların səmərəliliyinin, şəffaflığının, yoxlama prosesinin sadələşdirilməsinin təmin edilməsidir. Yoxlama suallarının siyahısı hər bir yoxlayıcı orqan tərəfindən öz nəzarət sahəsinə uyğun olaraq hazırlanır və yoxlayıcı orqanın rəhbəri tərəfindən təsdiq edilir. Yoxlama suallarının siyahısı yoxlama zamanı yoxlanılan məcburi tələbləri əks etdirir. Yoxlama suallarının siyahısına icrası məcburi olan əhəmiyyətli tələblər daxil edilməlidir. Əhəmiyyətli tələblər o tələblərdir ki, pozulması insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaratsın və ya mühüm zərər vursun. Yoxlama suallarının siyahısına daxil edilən tələblər sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən normativ hüquqi aktlara (o cümlədən texniki normativ hüquqi aktlara) uyğun formalaşdırılmalı və hər bir tələbin qarşısında sahibkarlıq fəaliyyətinə dair məcburi tələb müəyyən edən normativ hüquqi aktın adı, tarixi, nömrəsi və struktur elementləri göstərilməlidir. Yoxlama suallarının siyahısına daxil edilən tələblər ümumi sözlərlə ifadə edilməməli, konkret olmalı və birmənalı cavabları (“Tələb yerinə yetirilib” və ya “Tələb yerinə yetirilməyib”) nəzərdə tutmalıdır.

Yoxlama suallarının siyahısına daxil edilən tələblər felin indiki zamanının məlum növündə ifadə edilməlidir. Yoxlama suallarının siyahısına daxil edilən tələblərdə “və sairə”, “və ilaxır”, “və digər”, “və başqa” və bunlara bənzər qeyri-müəyyən ifadələrdən istifadə olunmasına yol verilmir. Yoxlayıcı orqan yoxlama suallarının siyahısının öz rəsmi internet saytında və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsini təmin edir. Reyestrdə yerləşdirilməmiş yoxlama sualları yoxlama zamanı tətbiq oluna bilməz. Yoxlama zamanı istifadə olunan yoxlama suallarının siyahısı yoxlama aktının tərkib hissəsidir. Yoxlama suallarının siyahısı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlama zamanı tətbiq edilir. Yoxlama zamanı istifadə olunan yoxlama suallarının siyahısı yoxlayıcı orqanın səlahiyyətli vəzifəli şəxsi tərəfindən Reyestr vasitəsilə tərtib edilir. Bunun üçün səlahiyyətli vəzifəli şəxs Reyestrdə yerləşdirilmiş yoxlama suallarının siyahısında işarə qoymaqla yoxlama suallarını seçir və yoxlama qeydiyyata alındıqda, müvafiq siyahı avtomatlaşdırılmış rejimdə emal olunur. Yoxlama zamanı yalnız yoxlama suallarının siyahısına daxil edilmiş məcburi tələblərin icra vəziyyəti yoxlanılır. Yoxlama suallarının siyahısında əks olunan tələblərin icra vəziyyəti haqqında müvafiq qeydlər yoxlama zamanı yoxlama suallarının siyahısına yoxlayıcı (yoxlamanın rəhbəri) tərəfindən daxil edilir.

oxlama suallarının siyahısında əks olunan tələblərin icra vəziyyəti yoxlayıcı tərəfindən hər bir tələbin qarşısında yerləşən “Tələb yerinə yetirilib” və ya “Tələb yerinə yetirilməyib” qrafalarında müvafiq işarə qoyulmaqla qiymətləndirilir. Yoxlama suallarının siyahısında qaralama və düzəlişlərin aparılmasına yol verilmir. Yoxlama suallarının siyahısını tərtib edən səlahiyyətli vəzifəli şəxs və imzalayan yoxlayıcılar oraya daxil edilmiş qeyd və məlumatların düzgünlüyünə görə məsuliyyət daşıyırlar. Yoxlama suallarının siyahısının digər nüsxəsi yoxlama aktının nüsxəsi ilə birlikdə sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR