Səfir: “Böyük Britaniya səfirliyinin viza şöbəsinin ləğv olunması yalnız Azərbaycana aid məsələ deyil”

Səfir: “Böyük Britaniya səfirliyinin viza şöbəsinin ləğv olunması yalnız Azərbaycana aid məsələ deyil”
# 21 fevral 2014 13:12 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. “Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin viza şöbəsinin ləğv olunması yalnız Azərbaycana aid məsələ deyil. Bu, yeni bir biznes modelidir və Britaniya onu bütün dünyada tətbiq edir”. APA-nın məllumatına görə bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddık səfirliyin viza şöbəsinin bağlanmasına aydınlıq gətirərkən deyib. O bildirib ki, hazırda Britaniya bütün viza məsələlərini dünyanın bir neçə ölkəsi üzrə mərkəzləşdirir: “Beləliklə, bu region üçün mərkəzimiz İstanbulda yerləşəcək. Artıq biz beynəlxalq səviyyədə tanınmış nüfuzlu özəl şirkətlə işləyəcəyik - hansı ki, müraciət edənlərə viza xidmətləri göstərir. Həmin şirkət görüş təyin edəcək, ərizələrin qəbulunu aparacaq, daha çevik işləyəcək. Həm təhlükəsizlik, həm də hansısa ölkədə iş rejimimizlə əlaqədar bizim imkanlarımız bəzən məhdud ola bilər. Lakin özəl şirkətin bu məhdudiyyətləri yoxdur" .

Diplomat qeyd edib ki, artıq Azərbaycandan müraciət edənlərə daha keyfiyyətli xidmət göstəriləcək və onların imkanları artacaq. Prosesin daha da sürətləndirilməsinə gətirib çıxaracaq bəzi xüsusi xidmətlər göstəriləcək. Yaxud müraciət müəllifi ödəniş etdikdən sonra vizanı şəxsən özü deyil, kuryer vasitəsilə də əldə edə bilər.

Səfirin sözlərinə görə, yeganə dəyişən məqam budur ki, viza barədə qərar İstanbuldakı konsul tərəfindən qəbul olunacaq: “İstanbulda yerləşən mərkəzimiz daha böyükdür və heyətimiz daha genişdir. Ona görə də qərar daha tez qəbul olunacaq".

Səfir bəyan edib ki, bu yeniliyin tətbiq edilməsinin səbəblərindən biri də Azərbaycandan Britaniyaya səfər edənlərin sayını artırmaqdır: “Çünki bizim həmin özəl şirkətlə müqaviləmiz var və həmin sənəd üzrə onlar daha çox ərizə qəbul etməlidirlər. Hər il Azərbaycandan Britaniyaya 8-9 min nəfər səfər edir, ötən illərlə müqayisədə 20 faiz artım müşahidə olunur. Amma yeni struktur bu rəqəmlərin artmasına imkan verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR