Oqtay Əsədov: “ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur”

Oqtay Əsədov: “ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur”
# 19 noyabr 2012 14:37 (UTC +04:00)

Bakı. Pərvin Abbasov - APA. Milli Məclisin (MM) sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan ABŞ-ın İllinoys ştatının Nümayəndələr Palatasının sədri Maykl Jozef Madiganın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

MM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, O.Əsədov deyib ki, bu gün ABŞ-la Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur: “ABŞ-ın İllinoys ştatı ilə əməkdaşlıq münasibətlərinin qurulması və inkişafı da ümumi maraqlarımıza xidmət edir. İnanırıq ki, bu səfər əlaqələrimizin hərtərəfli inkişafına öz müsbət təsirini göstərəcək. Bu gün Milli Məclisdə ABŞ-la parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İstərdik ki, ABŞ-ın ayrı-ayrı ştatları, eləcə də İllinoys ştatının parlamenti ilə də qarşılıqlı şəkildə belə dostluq qrupları yaradılsın”.


Maykl Jozef Madigan Azərbaycanın sürətli inkişafını, neft gəlirlərinin yeni sahələrə, xüsusən də informasiya texnologiyalarına yönəldilməsini yüksək qiymətləndirib. Qonaq bildirib ki, Azərbaycan hökumətinin informasiya texnologiyaları ilə bağlı xüsusi layihələr hazırlaması və həyata keçirməsi təqdirəlayiqdir: “İllinoys ştatı gələcəkdə bu sahədə Azərbaycanın təcrübəsindən bəhrələnə bilər”.


Söhbətdə qarşılıqlı səfərlərin təşkili, parlamentlərarası əməkdaşlıq, qanunvericilik sahəsində təcrübə mübadiləsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR