Azərbaycanda könüllü tibbi yoxlamadan keçən narkoloji xəstələrin müalicəsinin anonimlik və konfidensiallıq şəraitində aparılması barədə tələb müəyyənləşib

Azərbaycanda könüllü tibbi yoxlamadan keçən narkoloji xəstələrin müalicəsinin anonimlik və konfidensiallıq şəraitində aparılması barədə tələb müəyyənləşib
# 15 mart 2015 09:07 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydası” və “Narkoloji xəstələrin qeydiyyatının aparılması Qaydası və onların qeydiyyatda olma müddəti” barədə qərarlarında dəyişiklik edib.

APA-nın məlumatına görə, “Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydası”na əsasən şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə həmin şəxs narkoloji müəssisələrdə tibbi yoxlamadan keçirilməlidir.

Tibbi yoxlamanın aparılması üçün şəxs narkoloji müəssisələrə könüllü olaraq müraciət edə bilər və bu halda onun narkoloji diaqnozu həkim-narkoloq tərəfindən müəyyən edilir. Tibbi yoxlama təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında aparıldıqda, şəxsin narkoloji xəstəliyinin diaqnozunu həkim-məsləhət komissiyası müəyyən edir. İndiyə qədər könüllü müraciət zamanı tibbi yoxlama nəticəsində narkoloji xəstəlik diaqnozu təsdiqlənərkən, şəxsin istəyi ilə anonimlik və konfidensiallıq təmin olunmaqla müalicə aparıla bilərdi. Dəyişikliyə əsasən bundan sonra könüllü müraciət zamanı tibbi yoxlama nəticəsində narkoloji xəstəlik diaqnozu təsdiqlənərkən, şəxsin istəyi ilə qəti olaraq anonimlik və konfidensiallıq təmin olunmaqla müalicə aparılacaq.

“Şəxsin narkoloji xəstəliyə düçar olmasının (narkoloji xəstəliyin diaqnozunun) müəyyən edilməsi və ya təsdiqlənməsi məqsədi ilə tibbi yoxlamanın aparılması Qaydası”na edilən digər dəyişiklik istintaq orqanı, prokuror, məhkəmə və yuxarı səhiyyə orqanı tərəfindən yoxlama aparılması ilə əlaqədardır. İndiyə qədər yoxlama aparılması ilə əlaqədar tibbi sənədlər (xəstəlik tarixi, həkim məsləhət komissiyasının rəyinin surəti və s.) yalnız istintaq orqanına, prokurora, məhkəməyə və yuxarı səhiyyə orqanına verilə bilərdi və bu zaman tibbi sənədlərin verilməsi üçün göstərilən orqan və ya idarələrin, məqsəd göstərilməklə, müvafiq yazılı sorğusu əsas götürülürdü. Dəyişikliyə əsasən yoxlama orqanlarının tibbi sənədləri əldə etməklə bağlı səlahiyyətləri artırılıb. Bundan sonra yoxlama aparılması ilə əlaqədar tibbi sənədlər (xəstəlik tarixi, həkim məsləhət komissiyasının rəyinin surəti və s.) yalnız istintaq orqanına, prokurora, məhkəməyə və yuxarı səhiyyə orqanına müvafiq yazılı sorğu əsasında mütləq verilməlidir.

“Narkoloji xəstələrin qeydiyyatının aparılması Qaydası və onların qeydiyyatda olma müddəti”nə də müvafiq dəyişiklik edilib. İndiyə qədər hər hansı şəxs barəsində narkoloji yardımın həyata keçirilməsinə dair məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada verilə bilərdi. Dəyişikliyə əsasən bundan sonra hər hansı şəxs barəsində narkoloji yardımın həyata keçirilməsinə dair məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR