Nazir: “Son 10 ildə Azərbaycan iqtisadiyyatına 180 milyard dollar investisiya yönəlib”

Nazir: “Son 10 ildə Azərbaycan iqtisadiyyatına 180 milyard dollar investisiya yönəlib”
# 24 dekabr 2014 12:00 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Artıq Azərbaycanın istənilən bölgəsində yaşayan vətəndaşlar regional inkişaf strategiyanın tətbiqinin nəticələrini öz gündəlik həyatında hiss edir və əvvəllər mövcud olmuş əhalinin iri şəhərlərə axını meylləri aradan qalxıb.

APA-Economics”in məlumatına görə, bunu “İnkişafın 10 ili 2004-2014” konfransında iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, əlverişli coğrafi mövqeyə malik olan ölkəmizin tranzit potensialının reallaşdırılması ölkə başçısının apardığı iqtisadiyyatın diversifikasiyası siyasətində mühüm yer tutur: “Bu məqsədlə son on ildə Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin yaradılması ilə bağlı avtomobil və dəmir yollarının tikintisi, digər infrastruktur layihələrinin icra olunması nəticəsində ölkənin nəqliyyat təhlükəsizliyi təmin olunub. Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasında biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdən biridir. Prezidentin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” kursuna uyğun olaraq ötən 10 ildə bu istiqamətdə tədbirlər sistemli və ardıcıl şəkildə həyata keçirilmiş, qanunvericilik bazasının təkmilləşdirilməsi, elektron xidmətlərin göstərilməsi, vergi yükünün azaldılması, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi ilə bağlı əhəmiyyətli işlər görülüb. Təsadüfi deyil ki, müstəqillik dövründə Azərbaycan iqtisadiyyatına yönəldilib 200 milyard dollar investisiyanın 180 milyardı və ya 90%-i məhz son 10 ilin payına düşür”.

Ş. Mustafayev bildirib ki, görülən işlər nəticəsində Azərbaycanda güclü özəl sektor formalaşıb, müasir texnologiyalara əsaslanan minlərlə müəssisə açılıb, sahibkarlarımız xarici ölkələrdə uğurla fəaliyyət göstərməyə başlayıb: “Nəticədə 2004-2014-cü illərdə sahibkarlıq subyektlərinin sayı 2,7 dəfə artıb, məşğulluqda özəl sektorun payı 73,9%-ə, vergi daxilolmalarında 72,4%-ə yüksəlmiş, ÜDM-də özəl sektorun xüsusi çəkisi 82,5%-ə çatıb. Son on il ərzində Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmiş, hesabatlarda ölkəmizin reytinqləri davamlı olaraq yaxşılaşdırılmışdır. Belə ki, əsas agentliklər - “Fitch Ratings”, “Standart & Poor's” və “Moody's” hətta böhran illərində Azərbaycanın suveren reytinqini yüksəldərək investisiya reytinqi veriblər”.

Nazir qeyd edib ki, “Dünya rəqabət qabiliyyətliliyi 2014-2015” hesabatında Azərbaycan 144 ölkə arasında 38-ci olmuşdur və artıq 6 ildir ki, MDB ölkələri arasında 1-dir: “Bununla yanaşı, Azərbaycan adambaşına düşən Ümumi Milli Gəlirin həcminə görə “aşağı orta gəlirli” ölkələr qrupundan “yuxarı orta gəlirli” ölkələr qrupuna, İnsan İnkişafı hesabatında “orta insan inkişafı” ölkələri qrupundan “yüksək insan inkişafı” qrupuna yüksəlib. Ancaq Azərbaycan əldə etdiyi nailiyyətlərlə kifayətlənmir. “Azərbaycan 2020: gələcəyə baxış İnkişaf Konsepsiyası”nda çox iddialı, ancaq eyni zamanda real hədəflər müəyyənləşdirilib”.

Ş. Mustafayev vurğulayıb ki, konsepsiyada qeyd olunmuş tədbirlərin icrası nəticəsində 2020-ci ilədək qeyri-neft sektorunun inkişafı hesabına ÜDM-in iki dəfə artırılması, adambaşına düşən Ümumi Milli Gəlir təsnifatında ölkəmizin "yuxarı orta gəlirli ölkələr", BMT-nin İnsan İnkişafı təsnifatına əsasən “yüksək insan inkişafı” qrupunda üst sıralara yüksəlməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR