Azərbaycan nümayəndə heyətinin Xorvatiya və Albaniyaya səfəri başa çatıb - FOTO

Azərbaycan nümayəndə heyətinin Xorvatiya və Albaniyaya səfəri başa çatıb - <font color=red>FOTO</font>
# 08 noyabr 2012 16:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Xorvatiya və Albaniyada səfərdə olub.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, noyabrın 5-də İqtisadi İnkişaf naziri Şahin Mustafayev Xorvatiyanın baş naziri Zoran Milanoviç ilə görüşüb. Görüşdə iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.

Azərbaycan nümayəndə heyətinin Xorvatiyanın baş nazirinin I müavini, İqtisadiyyat naziri Radimir Çaçiç, Dənizçilik, Nəqliyyat və İnfrastruktur naziri Sinisa Haydas-Donçiç ilə görüşlərində iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Səfər çərçivəsində Xorvatiya-Azərbaycan biznes forumu keçirilib. Biznes forumda Xorvatiya baş nazirinin I müavini, iqtisadiyyat naziri Radimir Çaçiç ölkəsinin Azərbaycanla əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, bu cür tədbirlərin iş adamları arasında əməkdaşlığın daha da genişlənməsində, iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olduğunu vurğulayıb.

İqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib, ölkələr arasında əlaqələrin qarşılıqlı dostluq, faydalı əməkdaşlıq prinsipləri üzərində qurulduğunu diqqətə çatdırıb, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin ikitərəfli əlaqələrin genişlənməsində xüsusi əhəmiyyətini vurğulayıb.

Nazir Ş.Mustafayev Azərbaycan və Xorvatiya arasında 10-dan çox sənədin imzalandığını, bu ilin yanvar-sentyabr ayları ərzində iki ölkə arasında ticarət dövriyyəsinin ötən ilin analoji dövri ilə müqayisədə 26% artdığını diqqətə çatdırıb. Bu il Azərbaycan və Xorvatiya arasında II biznes forumun keçirilməsinin işgüzar dairələr arasında əlaqələrin inkişafında müsbət rol oynayacağını qeyd edən nazir Ş.Mustafayev turizm, energetika, əczaçılıq, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.

Nazir Azərbaycan iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə məlumat verib, Azərbaycan həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə möhkəm siyasi və makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını vurğulayıb, xorvatiyalı iş adamlarını azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Biznes forumda Azərbaycanın və Xorvatiyanın biznes və investisiya imkanlarına, eləcə də Xorvatiya şirkətlərinin fəaliyyətinə dair təqdimatlar keçirilib.

Noyabrın 6-7-də Azərbaycan nümayəndə heyəti Albaniyada olub, bir sıra görüşlər keçirib. Albaniyanın baş naziri Sali Berişa ilə keçirilən görüşdə ölkələr arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, iqtisadi sahədə Azərbaycan-Albaniya əməkdaşlığının genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyətinin Albaniyanın baş nazirinin müavini, İqtisadiyyat, Ticarət və Energetika naziri Edmond Haksinasto və Tirana şəhərinin meri Lulzim Başa ilə görüşlərində isə Azərbaycan və Albaniyanın iqtisadiyyatına dair məlumatlar verilib, iki ölkə arasındakı iqtisadi əlaqələr və əməkdaşlıq imkanları müzakirə olunub.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti üçün Albaniyanın İnvestisiyaların İnkişafı Agentliyi tərəfindən «Albaniyada investisiya mühiti və imkanlar» mövzusunda təqdimat keçirilib. Azərbaycan nümayəndə heyəti Dürres və Porto Romano dəniz limanlarının fəaliyyəti ilə də tanış olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR