Zəfər Quliyev: “Koordinasiya Şurasında seçkiləri boykot etmək və ya namizədin irəli sürülməsi məsələsini yaza qədər yubatmaq istəkləri də var”

Zəfər Quliyev: “Koordinasiya Şurasında seçkiləri boykot etmək və ya namizədin irəli sürülməsi məsələsini yaza qədər yubatmaq istəkləri də var”
# 13 dekabr 2012 11:38 (UTC +04:00)

Bu açıqlamanı APA-ya İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü, politoloq Zəfər Quliyev verib.

Z. Quliyev əvvəlcə ötən gün İP KŞ-nın iclasına təqdim etdiyi sənədlə bağlı da danışıb: “İctimai Palatanın Koordinasiya Şurasına təqdim etdiyim sənəd təkliflər paketidir. Burada əsas məsələ İctimai Palatanın prezident seçkilərində iştirakı ilə bağlı məqamdır. Mən və Koordinasiya Şurasının bəzi üzvləri qurumun seçkilərdə iştirak etməsi ilə bağlı mövqeyinin indidən açıqlanmasının tərəfdarıdır. Çünki seçkilərə 10 ay qalıb. Hələlik isə İctimai Palatada bu məsələ ilə bağlı tam konsensus yoxdur. Ona görə də müzakirələr davam edəcək. Dünən gərgin keçən müzakirələr dekabrın 14-də davam etdiriləcək”.

Z. Quliyev qeyd edib ki, sənəddə İP-də struktur dəyişikləri ilə bağlı təkliflər də yer alıb: “İctimai Palata vaxtilə növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə yaradılmışdı. Bu qurumun strukturu parlament seçkilərinə hesablanıb. Qurumun prezident seçkilərində iştirakı ilə bağlı qərarı olacaqsa, İctimai Palatanın strukturunda bir sıra islahatların aparılmasına ehtiyac yaranacaq. Bununla bağlı alternativ variantlar var. Həmin sənəddə bütün variantları əks etdirməyə çalışmışam”. O, İP KŞ-da gedən müzakirələr prosesinə təsir etməmək üçün ətraflı danışmaq istəmədiyini də söyləyib.

Z. Quliyev İP KŞ-da prezident seçkilərində iştirakla bağlı birmənalı fikrin olmadığını da diqqətə çatdırıb: “Üzvlərin böyük hissəsi ümumən prezident seçkisində iştirakın tərəfdarıdır. Onlardan bir hissəsi indidən bu mövqeyin açıqlanmasını istəyir. Lakin bəzi üzvlər və partiya liderləri var ki, hələ də bu məsələdə tərəddüd edirlər. Boykot və ya namizədin irəli sürülməsi məsələsinin müəyyənləşməsini yaz aylarına qədər yubatmaq istəkləri də var. Hesab edirəm ki, bu prinsipial məsələyə Koordinasiya Şurasının sabahkı tədbirində aydınlıq gələcək və konsensus əldə ediləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR