Faiq Ağayev: “Beş il gözlədim, rekordumu yeniləyən olmadı” - FOTOSESSİYA

Faiq Ağayev: “Beş il gözlədim, rekordumu yeniləyən olmadı” - <span style="color: red;">FOTOSESSİYA
# 21 dekabr 2012 13:09 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı-APA. “Beş il fasilədən sonra yenidən rekord sayda konsert proqramı ilə çıxış etmək məni olduqca sevindirir. Bu müddət ərzində həm də digər sənətçilərə şans tanıdım, amma bu şansdan istifadə edə bilmədilər. Heç kimin etmədiyini etmək və cəsarətim məni çox sevindirir”. APA-nın məlumatına görə, bu sözləri 27, 28, 29 və 30 dekabr tarixlərində Heydər Əliyev Sarayında “F.A.Vida” adlı konsert proqramı ilə çıxış edəcək xalq artisti Faiq Ağayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

F. Ağayev bildirib ki, 2007-ci ildə sonuncu beş günlük konsertindən sonra onun rekordu təzələnərsə, o 6 gün konsert verəcək: “Lakin bu rekordumu yeniləyən olmadı və konserti ona görə də 4 gün etmək qərarını verdim. Hazırda gərgin və qızğın məşqlər gedir. İstənilən rekord konsertimdə heç bir gözlənilməz hadisə ilə qarşılaşmamışam. Səsimi və özümü qoruyuram, gündəlik olaraq daimi lor həkimi ilə görüşürəm, Nailə Mirməmmədlidən vokal dərsləri alıram. Bu səbəbdən də düşünürəm ki, hər konsertimdə olduğu kimi bu konsertlərimdə də fövqəladə bir hal yaşanmayacaq. Konsertin adının məğzini isə məhz həmin günlərdə özüm açıqlayacağam. Bu çıxışım zamanı xüsusi hazırlanmış və çıxışı əsaslandıran 30 saniyəlik video material nümayiş olunacaq”.

Konserti barədə geniş məlumat verən Faiq Ağayev bildirib ki, konsertin ideya müəllifi Anar Əsgər , bədii rəhbəri Yaşar Baxış, musiqi rəhbəri Rüstəm Zeynallıdır: “Şəhərin müxtəlif mərkəzi küçələrində yerləşdirilən konsertin posteri üçün fotosessiyanı Səməd İsmayılzadə edib. Afişa və posterlərin kreativ dizaynının, konsertdə yayımlanacaq xüsusi vizual görüntülərin müəllifi Elrəng Əliyev, xüsusi videoların müəllifi Nisulik Cəfərova, Mahir Rəhimov, İlham Yaşaroğlu və Ramiz Hüseynovdur. Dörd gün müddətində hər bir nüansın mükəmməl olması üçün çalışırıq. Səhnəyə çıxışım tamamilə sürpriz olacaq və bunu ilk olaraq konsert tamaşaçıları görəcək. 4 hissədən ibarət olacaq konsert zamanı 21 mahnı, 4 meqamiks olmaqla, ümumilikdə 25 mahnı nömrəsi ifa edəcəyəm. Səhnənin dekorasiyası Türkiyədə hazırlanıb və işıq üzrə baş rəssamlığı Türkiyədən dəvət olunmuş mütəxəssis həyata keçirir”.

Mətbuat konfransında bildirilib ki, 56 nəfərdən ibarət işçi qrupunun çalışacağı konsertlərin ümumi büdcəsi 250.000 manat təşkil edir. 4 günlük konsert üçün dekabrın 1-dən PR kompaniyasına başlanılıb.

Gələn həftə reallaşacaq konsertin biletlərinin 65 faizinin satıldığını deyən Faiq Ağayev, biletlərin qiymətinin məhz özü tərəfindən müəyyənləşdirdiyini deyib: “İstədim ki, hər kəs konsertə gələ bilsin. 10-60 manat çox yaxşı və real qiymətdir. Bu konsertdə dəvətlilərimin sayı daha az olacaq. Həmkarlarımdan sayılı qədərinə öz istəkləri ilə dəvətnamə vermişəm. Bundan sonra da müraciət edən olsa, dəvətnamələr təqdim edəcəyəm. Amma mən heç kimi konsertə dəvət etmək niyyətində deyiləm. Düşünürəm ki, orada olmaq istəyən özü mənimlə əlaqə saxlayacaq”.

F. Ağayev media mənsublarını məhz konsertin ilk günü dekabrın 27-də görmək istəyində olduğunu açıqlayıb: “İstəyirəm ilk gün orada olub, hər hansısa qüsur varsa, onları sizlərin yazınızdan oxuyum və növbəti günlərdə o qüsurları aradan qaldırım”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR