AMEA Əlyazmalar İnstitutu ABŞ-da saxlanılan 328 əlyazma kitabını əldə edib

AMEA Əlyazmalar İnstitutu ABŞ-da saxlanılan 328 əlyazma kitabını əldə edib
# 06 dekabr 2012 14:59 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutu ABŞ-ın Merilend ştatının Baltimor şəhərindəki Volters İncəsənət Muzeyində saxlanan Şərq Əlyazmaları kolleksiyasına daxil olan 328 əlyazma kitabının və çoxsaylı miniatür, xəttatlıq nümunələrinin elektron variantını, rəqəmsal faksimilesini əldə edib.

İnstitutdan APA-ya verilən xəbərə görə, buraya ən qədim və nəfis Quran nüsxələri, Firdovsi «Şahnamə»sinin, Nizaminin, Ə.Nəvainin, Ə.X.Dəhləvinin «Xəmsə»lərinin, Cəlaləddin Rumi, Sədi, İ.Əhmədi, Ə.Cami, Babur, Əssar Təbrizi və başqalarını əsərlərinin nəfis, gözəl xətlə köçürülmüş miniatürlü əlyazmaları daxildir. Xüsusilə buradakı Nizami «Xəmsə»si nüsxələri nəfisliyi ilə diqqəti cəlb edir. «Xəmsə»nin 1481-ci ildə köçürülən nüsxəsində 60, 1517-ci ildə Məhəmməd Musa Əlmüzəhhib tərəfindən köçürülmüş nüsxəsində 27, 1528-ci ildə Yadgar Əlkatib tərəfindən köçürülmüş nüsxəsində 27, 1563-cü ildə köçürülmüş nüsxəsində 30, 1516-cı ildə Yarməhəmməd Əlhərəvi tərəfindən köçürülmüş nüsxəsində 35, XVII əsrdə köçürülmüş digər nüsxədə 36 miniatür var.

Kolleksiyada Nizami «Xəmsə»sinin 7, Əssar Təbrizinin «Mehr və Müştəri» poemasının 2 nüsxəsi var. Bu kitablarda Səfəvilər dövrü Azərbaycan miniatür məktəbinə məxsus rəssamların rəsmləri diqqəti cəlb edir. Ə.Caminin XVI əsrdə köçürülmüş «Yusif və Züleyxa» poemasına çəkilmiş 8 miniatür Təbriz miniatür məktəbinə məxsusdur.

Kolleksiyadakı müxtəlif dövrlərə, xüsusilə Qacarlar dövrünə aid mürəqqələr – xəttatlıq və miniatür sənəti albomları da böyük maraq kəsb edir. Kolleksiyadakı çoxsaylı orta əsrlər cildçilik sənəti nümunələri də nəfisliyi ilə diqqəti cəlb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR