Rusiyanın «Soqlasiye» şirkəti Azərbaycanın təkrarsığorta bazarında payını 80%-ə çatdırmaq niyyətindədir

Rusiyanın «Soqlasiye» şirkəti Azərbaycanın təkrarsığorta bazarında payını 80%-ə çatdırmaq niyyətindədir
# 21 noyabr 2012 11:51 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Rusiyanın «Soqlasiye» sığorta şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkənin təkrarsığorta bazarında payını yaxın 5 il ərzində 80%-ə çatdırmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bu barədə nümayəndəliyin rəhbəri Emin Aslanov bildirib.

Onun sözlərinə görə, «Soqlasiye» sığorta şirkəti Rusiyanın sığorta bazarında aparıcı 6 şirkət sırasındadır və hazırda şirkətin nizamnamə kapitalı 160 mln. ABŞ dolları, illik daxilolmaları 1 mlrd. dollar, sığorta ödənişləri isə 500 mln. dollar təşkil edir. Hazırda şirkətin Rusiya üzrə 730 filialı mövcuddur.

E.Aslanov onu da qeyd edib ki, son illər ərzində Azərbaycan sığorta bazarı dinamik inkişaf edir və illik artım təxminən 25-30% təşkil edir: «Məhz bu səbəbdən «Soqlasiye» şirkətinin rəhbərliyi Azərbaycanda öz nümayəndəliyinin açılması barədə qərar qəbul edib və biz artıq 2 aydır Azərbaycan bazarında fəaliyyət göstəririk».

E.Aslanov onu da vurğulayıb ki, «Soqlasiye»nin hazırda və növbəti 3 ildə Azərbaycandakı əsas fəaliyyəti təkrarsığorta sektoruna istiqamətlənib: «Bu sahədə Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən əsas 10 şirkətlə əməkdaşlıq edirik. Əsas təkrarsığorta məhsullarına əmlak, o cümlədən daşınmaz əmlak, tikinti-quraşdırma avadanlıqları və avtomobillərin sığortası daxildir. İlin sonunadək təkrarsığorta sahəsində imzaladığımız müqavilələrin həcminin təxminən 350-400 mln. dollar olacağı gözlənilir. Ümumiyyətlə, növbəti 5 il ərzində Azərbaycanın təkrarsığorta bazarında payımızı 70-80%-ə çatdırmaq niyyətindəyik».

Azərbaycanda «Soqlasiye» şirkətinin törəmə müəssisəsinin açılması imkanlarına gəldikdə, E.Aslanov qeyd edib ki, bu, «Soqlasiye» şirkətinin Azərbaycandakı nümayəndəliyinin növbəti 3 il ərzində fəaliyyətinin nəticələrindən asılı olacaq və bu baxımdan, Azərbaycanda törəmə müəssisəsinin açılması istisna olunmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR